23 Noyabr 2024
Ölkə futbolu

Mutunun ağlındakı “Neftçi” – meydandakı “Neftçi”

“Neftçi” sanki iki 90 dəqiqə oynamış kimi yorularaq səfərdən heç-heçə ilə qayıtdı. Rəqibin komanda şəklində müdafiədə oturması, hər fürsətdə oyunu ləngitməsi, istənilən qayda pozuntusunda aqressiya göstərməsi başadüşüləndir. Sırf bunun üzərinə çalışıb, azarkeş dəstəyi ilə nəticəyə köklənmişdilər. Ancaq məsələ odur ki, “Jelezniçar” pis və yaxşı bir sistemə, hazırlığa malikdir. Həddindən artıq sıx müdafiə olunmaqla nəinki epizod vermir, hətta qapıya zərbə vurmağa belə imkan yaratmırdılar.

Belə komandalara qarşı hesabda geri düşməməyə və mümkün qədər onların gəlməsinə çalışmaq lazımdır. Ancaq “Neftçi” bunu hesablaya bilməyib. Baş məşqçi Adrian Mutu bəlkə də elə ilk oyundan diş göstərmək niyyətində olsa da, alındığını demək olmaz. Rumıniyalının üstün futbol oynatmaq cəhdi bəyənilsə də, tətbiq hələlik xoşagələn deyil. Açığı, komandanın tam hazır olmaması ilə bağlı tutarlı əsasları var. Ancaq vaxt yoxdur.

Sirr deyil ki, qapanan və “avtobus” oynayan bir komandaya qarşı fərdi ustalığı önə çıxan futbolçular lazımdır. Heyətdə Kilan Lebon, Ataa Caber, Emin Mahmudov və Filip Ozobiç kimi bu cür vəziyyətlərdə iş görəcək oyunçular var. Amma hələlik o “iş” görünmür. Fərdi bacarıq topu tək başına rəqib qapısına aparmaq deyil. Müdafiə arxasına açar ötürmələrdi, ara-sıra gördüyümüz “divar pas”larıdı, cinah oyunçularının gözlənilməz driblinqləridi… Dünən rəqib cərimə meydançasına atılan ötürmələrə yenidən baxmaqda fayda var.

Müdafiə olunan komandalar məğlubedilməz deyil. Əksinə, onlara tabe olmaq plansızlıqdı. “Neftçi”də heyət var, bundan istifadə etmək, gücü ortaya çıxarmaq isə Mutunun işidir.

“Spartak” oyunundan sonra komandadakı xırda gedişlər, tək toxunuşlar diqqət çəkmişdi. Təəssüf ki, dünənki görüşün yalnız ilk 15 dəqiqəsində bunlara şahid olduq. Düzdür, artıq komandada həmin oyunda çıxış edən Mateus Saldanya yoxdur. Ümumiyyətlə, dünənki görüşdə “Neftçi” hücumçusuz idi…

Cəld və kollektiv oyun tez bir zamanda bərpa edilməlidir. Ustalıq keyfiyyəti yüksək oyunçular meydanda tək qalır. Lebon bir neçə dəfə rəqib oyunçuları keçib ötürməni geri etməyə məcbur olur, Emin müdafiənin arxasına top atmağa heç kim tapmır və s. Zaman keçdikcə komandanın bu futbolçularla ayaqlaşması lazımdı.

Sarayevoda hər şey ev sahibi istəyən kimi keçdi. Ancaq bu qədər çatışmazlıqlarla komanda məğlub olmadı. İstənilən halda rəqib keçilməz deyil, “Neftçi” Bakıda bu “Jelezniçar”ı məğlub edə bilər.

Hələlik “Neftçi” üçün yalnız ümid etmək qalır. İndiki durumda bəyəniləsi tək şey komandanın meydanda göstərdiyi yox, Mutunun ağlındakı oyundur. Mütəxəssisin düşündüyü “Neftçi”ni yaradıb-yaratmayacağını zaman göstərəcək. Hələ bir neçə gün öncə komanda ilə tanış olan baş məşqçidən böyük gözləntilər var. Başa düşüləndir, ad “Neftçi” olanda, gözlənti də yüksək olur. Bütün yaxşı işlərin gerçəkləşməsi müəyyən bir sancılı dönəmdən keçilir. Mutu rəhbərliyindəki komanda bunu minimum itki ilə keçməlidir. 

Gedişat isə yaxşıya oxşayır. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43