25 Noyabr 2024
Ölkə futbolu

Rəşad Sadıqov: “Hamı yaxşı mübarizə aparır, məşqçi işi görünür”

“Son ana qədər danışıq apardığımız futbolçular var idi. Daha iki transfer etmək istəyirdik. Təəssüf ki, alınmadı. Artıq bunu qış fasiləsində edəcəyik. Bu gün Komandada olan futbolçuların performansından razıyam. Amma təbii ki, güclənməyə ehtiyac var. Transfer pəncərəsi bağlandı. Bəlkə də azad agent statusunda olan və bizi qane edən futbolçu olsa, götürəcəyik”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi “Sumqayıt” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Hücumameyilli oyunçu istəyirdim. Danışıqlar aparırdıq, son anda alınmadı. Ən azı bir mərkəz müdafiəçisi də götürməliydik. Bu mövqedə bir oyunçumuz zədələnsə, onu əvəz etməyə futbolçu yoxdur. Məşqçi işi belədir. Hər şey sənin istədiyin kimi gedə bilməz.

Bəzən İlkin Muradovun ərköyünlüyü olur. Bu olmadığı halda planlarımıza uyğun oyunçudur. Bu gün də çox yaxşı oyun nümayiş etdirdi. Hazırlığı yaxşı səviyyədə idi. Müəyyən xırda problemlər var idi. Onu aramızda həll etdik.

 Yaxşı gedəndə üzərimizdə təzyiq hiss edirik. Mən nəsə qərəz olduğuna inanmıram. Çünki, bu il hakimlərimiz çox yaxşı performans göstərir. Müəyyən səhvlər yəqin ki, gələcəkdə də olacaq. Hələ qırmızı vərəqə epizoduna baxmamışam. Ona görə də səhv olub-olmadığını dəqiq deyə bilmərəm. Təbii ki, nə iləsə əlaqələndiriləcək. Çempionatımızda bu cür epizodlar həddindən çoxdur. İstərdim ki, hakimlərimiz minimum səhv etsinlər. Bütün komandalar böyük həvəslə mövsümə başlayıblar. 10 komandanın hansınısa digərlərindən ayırmaq olmur. Hamı yaxşı mübarizə aparır, məşqçi işi görünür. Bu, sevindirici amildir. Bütün komandaların oyununda irəliləyiş var. Hakimlərin çiyninə ağır yük düşəcək. İnşallah öhdəsindən gələrlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43