18 Oktyabr 2024
Ölkə futbolu

Rəşad Sadıqov: “Bir oyun yoxdur ki, deyək, rəqib bizdən üstün oynadı”

Azərbaycan Premyer Liqasının XXI turunun “Qəbələ” – “Zirə” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az məlumat verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– “Qəbələ” səfəri hər zaman ağırdır. Qələbə qazanmaq istəyirdik. Meydanda amansız mübarizə gedirdi. Oyun çox dayandı, foullar oldu. Oyunun əvvəlinə biz nəzarət edirdik, sonra gözlənilməz qol buraxdıq. Qola da yaxşı reaksiya verdik. Bundan sonra da fərqlənməyə çalışdıq. Müəyyən hücumlarımız oldu, son zərbələrdə uğursuzluq yaşadıq. Hücumlar etsək də, effekt ala bilmədik. Son dəqiqələrdə də iki şansımız olsa da, rəqib qapıçı yaxşı oynadı. Yekunda hərəyə bir xal qazanıldı. Bu cür oyunla “Qəbələ” səfərindən bir xalla dönmək yaxşı haldır. İki-üç gün sonra “Səbail”ə qarşı vacib oyunumuz olacaq.

– Ülvi İsgəndərov ikinci dəfədir ki, “Zirə”yə uzaq məsafədən qol vurur. Qol haqda nə deyə bilərsiz?
– Ülvinin bizə qarşı xüsusi motivasiya ilə oynadığını deməzdim. Belə qollara öyrəşmişik, təəssüf ki, bu cür qol buraxdıq. Oyundan əvvəl də bu haqda danışmışdıq. Belə qolun təkrarlanması bizi məyus edir. Ülvinin də zərbəsinə qiymət vermək lazımdır.

– Matçın 70-ci dəqiqəsində ehtiyat oyunçular skamyası tərəfdə gərginlik yaşandı. Orada nə baş vermişdi?
– Anlaşılmazlıq var idi. Əsas odur ki, problem aradan qalxdı.

– Hakimliyi bəyəndiniz?
– Mənim hakimi bəyənmək fikrim yoxdur, əsas odur, ədalətli oyun idarə etsin. Bu gün iki komanda da aqressiv idi. Ümumiyyətlə, “Qəbələ” ilə oyunlarımız aqressiv keçir, bizə qarşı xüsusi oynayırlar sanki. Əvvəlki matçlarda da belə olurdu. İndi onların turnir cədvəlindəki yerləri elədir ki, hər oyuna belə yanaşırlar. Başadüşüləndir, çempionatın gərgin dövrüdür, hamı xal qazanmaq istəyir, məğlub olmaq yox. Bu periodlarda qələbə qazananlar üstünlük əldə edəcək.

– Klublar Komitəsinin Barış Şimşəklə görüşü oldu. Bundan sonra səhvlərin azalacağına inanırsınız?
– Barış Şimşekin işinə qiymət vermək istəmirəm. Azərbaycanda yaxşı hakimlər var. Etirazlarımız odur ki, aydın epizodlarda mübahisəli qərarlar olur, ya VAR susur. Etiraza qalsa, biz ən çox edən olarıq. Bəzən o qədər epizodlar olur ki, dözülməz hala çevrilir. Nəticəyə təsir edən səhvlər gələcək oyunlara da təsir edir. Məsələn, “Sabah”la oyunda son dəqiqələrdəki mübahisəli epizod olmasaydı, xal qazanacaqdın, indi rahat ola bilərdin. Belə şeylər narazılıq yaradır.

– Razı olduğunuz hansı hakimin adını çəkə bilərsiz?
– Hansısa səhvi şərh edə bilərəm, hakim adı çəkə bilmərəm. Dinamikada çox səhvlər olur, amma hamının gördüyü epizodla bağlı fərqli qərar olanda məyus olursan. Hamıya qarşı münasibətimiz eynidir.

– Rüstəm Əhmədzadənin durumu nə yerdədir?
– Azı bir ay yaşıl meydanlardan kənarda qalacaq. Ağır zədə alıb. İlk dövrənin ən formada olan oyunçusu idi, ikinci dövrədə zədələndi. Belə şeydə məyus olursan. Baxırsan ki, rəqib bir qol vurur, o da epizod yaratmadan mərkəzdən. Epizodlar var ki, qol olmağa yaxındır, amma alınmır. Sənin qapına isə bir zərbə gəlir, sadə qol olur. Belə şeylər yığılır, üstəlik də hakim səhvləri. Səbirli olmalıyam, deyəsən, imtahandayam. Bir oyun yoxdur ki, deyək, rəqib bizdən üstün oynadı, qələbə şansımız yox idi.

– Hücum gücünü artırmaq üçün xüsusi hazırlıq olur?
– Sıx qrafikdə xüsusi məşqlərə vaxtın olmur. Qış fasiləsində də təlim-məşq toplanışlarında hücumlar üzərində çalışırdıq. Qol olmayanda da inamsızlıq yaranır. Bu mərhələni keçəcəyimizi düşünürük.

– 60-cı dəqiqəyə qədər üstünlüyünüz var idi. Ancaq sonradan meydana daxil olan oyunçular güc qata bilmədi…
– “Qəbələ”nin ehtiyat oyunçular skamyası güclüdür. Biz də 15-ci dəqiqədən uşaqları hazırlaşdırmağa başladıq. Bu gün burada da soyuq hava var idi. Əvəzetmələr oyuna daha yaxşı qoşula bilərdilər. 60-65-ci dəqiqədən sonra bərabər oyun getdi. Son dəqiqələrdə epizod yaratdıq, lakin fərqlənə bilmədik.

– Veteran futbolçu Mahir Şükürov sizə dəstək olub, təkləndiyinizi demişdi. Bu fikirlərlə razısınızmı?
– Təkləndiyimi deməzdim. Amma aşkar müəyyən məqamlar var ki, bu haqda danışmışam. Hər konfransda bunu söyləmək istəmirəm. Futbol camiəsinin də gözü qarşısında baş verir. Müəyyən qərarlar var ki, məyusedici olur. İnşallah, nə bizim, nə digər komandaların zərərinə olar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43