15 Noyabr 2024
Ölkə futbolu

“Bildirmişdim ki, ilk oyunlar hər zaman çətin olur” – Siyasət Əsgərov

“Bildirmişdim ki, ilk oyunlar hər zaman çətin olur. Çünki sonuncu rəsmi oyunumuzla bu qarşılaşma arasında çox vaxt keçmişdi. Toplanış keçə bilməmişdik”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərovun Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda səfərdə Macarıstanla 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

“Rəqib çox güclü kollektiv idi. Macarıstan yığması ötən mövsüm UEFA Millətlər Liqasının A divizionunun bir addımlığında idi, pley-off mərhələsinə yüksəlmişdilər. Lakin bu mərhələdə məğlub olaraq B Liqasına düşdülər.  Bir sözlə, həm futbolçularının keyfiyyətinə, həm də komanda oyununa görə üst səviyyəli kollektivdir” – deyə o bildirib. 

Mütəxəssis daha sonra vurğulayıb: “Komandamızın oyununa gəlincə, hesabda geri düşməyimizə baxmayaraq, futbolçular özlərində güc tapdılar, xarakter göstərdilər və bərabərlik qolunu vudular.  Əzmkarlıq nümayiş etdirərək, sonadək hesabı qoruyub saxlaya bildik. Bakıdakı oyunda da xarakter göstərib, layiqli nəticə qazanmağa çalışacağıq. Komandamı təbrik edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43