27 Dekabr 2024
Ölkə futbolu

Toral Bayramov: “Yeni macəralar axtarışındayam”

“Qarabağ”ın futbolçusu Toral Bayramov İdmanxeber.az saytıına müsahibə verib. O, bu gün keçiriləcək “Sabah” oyunu və qarşıdakı avrokubok görüşü barədə danışıb. 

– Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəldiniz. Qarşıda çempionat və avrokubok görüşü var. Belə sıx qrafikdə oynamaq çətinlik yaradır?

Həqiqətən də sıx qrafikdə oynayırıq. Demək olar hər 3 gündən bir görüşümüz olur. Hər oyunda da qalib gəlmək istəyirik. Bunun üçün tam gücümüzlə mübarizə aparmalıyıq. Kubok ümumiyyətlə, fərqli bir turnirdi. Burada favorit yoxdu. Bu mərhələ sadəcə bir oyundan ibarət idi. Səhvlər bağışlanmırdı. Buna görə də yaxşı hazırlaşmışdıq. Məşqçinin tapşırıqlarını yerinə yetirdik.

– Qarşıda “Sabah” oyunu var. “Elfsborq” matçı öncəsi belə çətin rəqibə qarşı oynamaq əleyhinizə olmaz?

Ümumən rəqiblər arasında fərq qoymuruq. Yəni “Sabah” yox, başqası olsaydı da az yorulacağımız anlamına gəlməzdi. Bütün oyunlar fiziki və psixoloji olaraq ağır keçir. Amma yenə də əlimizdən gələni etməliyik ki, qalib tərəf biz olaq. Bəzən alınır, bəzən alınmır. “Sabah”la da bizi maraqlı oyun gözləyir. Qələbə üçün meydana çıxacağıq.

– Bu mövsüm avrokubok çıxışınız istənilən kimi olmadı. Qarşıda çətin “Elfsborq” oyunu var. Pley-off üçün bütün matçlarda qalib gələcəyinizə inam var?

Bu görüş barədə indidən danışmaq istəmirəm. Hələ qarşıda “Sabah” oyunu var. Bu matçı gözləməliyik. Onun ardından “Elfsborq” görüşü barədə danışmaq olar. Amma inam məsələsinə gəlincə, bizim qarşımızda məqsəd var. Hər oyun qalib gəlmək istəyirik. 

– 5 oyuna cəmi 3 xal toplamışıq. Komandanın elə səviyyəsinin bu olduğunu deyənlər var. Razısan onlarla?

Əvvəcə deyim ki, azarkeşlərin oyunlarımız barədə fikirlərinə hörmətlə yanaşırıq. Onların da öz baxış bucağı var. Amma öz fikrimi deyim ki, 5 oyunun dördündə qələbəyə layiq olan tərəf biz idik. Ancaq qismətmi deyim, şansmı deyim, alınmadı. Bunu necə adlandırmaq olar özüm də bilmirəm. Nəticədə 4 oyunda məğlub olmuşuq. Amma bu görüşlərdən minimum 6-8 xal toplaya bilərdik.

– Qarşıdan transfer dönəmi gəlir. Təklifin olsa, ayrılmağı düşünərsən?

“Qarabağ”dan getmək barədə düşünmürəm. Sırf bu komandaya köklənmişəm.

– Getməməkdə səbəb nədir? Hələ özünü o səviyyədə görmürsən?

Heç bir klubda uğursuz olacağımdan qorxmuram. Əksinə yeni macəralar axtarışındayam. Onu da “Qarabağ”da tapa bilirəm. Burada xoşbəxtəm, ayrılmaq fikrim yoxdu. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43