“Oyun haqda qısa danışacağam. Biz oynadıq, onlar qələbə qazandı. Yüz faizlik epizodlarımızı dəyərləndirə bilmədik. “Turan Tovuz” bir hücuma bir qol vurdu. Növbəti oyunlara baxacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Turan Tovuz” matçı barədə danışarkən deyib. O, daha sonra jurnalistlərin suallarını cavabayıb:
– “Turan Tovuz” oyunun təxirə salınması üçün əvvəlcədən müraciət etmişdi. Belə nəticə olacağını bilsəydiniz, “hə” deyərdiniz?
– Xeyr. Bu məsələni bilmirəm. Hakimlər və AFFA nümayəndəsi oyunun keçirilməsinin qənaətbəxş olduğunu bildirdi. Buna razı olmalıyıq. Oyunun keçirilməsinə maneə yox idi.
– Rəqibin süni ajiotaj yaratması necə təsir etdi?
– Olan şeylərdir. Bəlkə də, özlərini siğortalamaq üçün belə edirdilər. Mübarizəli oyun getdi. Düzdür, bir-iki epizod var idi ki, VAR-a gedilməli idi, amma ümumən pis idarəçilik olmadı.
– Pusinin yerini necə doldurmağı düşünürsünüz?
– Gedişi pis oldu. Əsas oyunçumuzun getməsini istəməzdim. Belajdini Azərbaycana mən gətirmişdim. Əvvəlcə “Turan Tovuz”a, sonra “Şamaxı”ya gəldi. Buranı seçməsinə vasitəçi oldum. Pusinin yaxşı təklifləri var idi. Onu başa düşürdük, böyük məbləğ yox idi. Azərbaycandan Rusiyaya az futbolçu gedir. Onu ora qazandırmaq bizi sevindirir. Eyni zamanda klub da müəyyən qədər qazandı. Bunları düşündük. Axtarışlarımız var. İnşallah, xeyirli qərar verəcəyik.
– Cəlal Hüseynov ilə bağlı fikirləriniz nədir?
– Əla. Gələndən iki oyun əsas heyətdə oynadı. İki ilə yaxın idi, Azərbaycan çempionatında deyildi. Məşqlərdə yaxşıdır, şansı olacaq. O, önəmli oyunçularımızdandır.