İyunun 4-də Azərbaycan milli komandasının Avstriyada keçirəcəyi yoxlama oyunlarını işıqlandırmaq üçün yola düşdük. Səfərimizin əsas dayanacağı Macarıstanın Bük qəsəbəsi oldu. Biz Bükdə, milli isə Avstriyanın Bad Valtersdorf kurort şəhərciyində qərarlaşmışdı.
Milli komandanın bu təlim-məşq toplanışında əsas məqsədi qarşıdakı rəsmi oyunlar öncəsi futbolçuların vəziyyətini yoxlamaq, müxtəlif taktiki variantları sınaqdan keçirmək və heyətdəki oyunçuların potensialını qiymətləndirmək idi. Bu baxımdan Malta və San Marino ilə keçirilən görüşlər məşqçilər korpusu üçün mühüm əhəmiyyət daşıyırdı.
İlk sınaq Malta millisinə qarşı oldu. Favorit göstərildiyimiz matçdan 0:2 hesablı məğlubiyyətlə ayrıldıq.
Danışılacaq çox şey yoxdur. Qaçırılan saysız-hesabsız qol imkanları, epizodlarda diqqətsizlik və futbolçuların son nöqtəni qoya bilməməsi nəticədə komandamıza baha başa gəldi. Malta isə yaratdığı azsaylı fürsətlərdən maksimum yararlanaraq qələbəni əldə etdi. Bu qarşılaşma bir daha göstərdi ki, müasir futbolda üstün oyun nümayiş etdirmək və ya daha çox hücum etmək hələ qələbə qazanacağın anlamına gəlmir.
İkinci və son sınaq matçı San Marinoya qarşı idi. Kağız üzərində rəqib zəif görünsə də, meydandakı mənzərə gözlənildiyi qədər rahat olmadı. Hətta müəyyən məqamlarda növbəti xoşagəlməz nəticə ilə üzləşə biləcəyimiz təəssüratı yaranırdı. Ancaq milli komandanın üzvləri böyük çətinlik hesabına da olsa, üstünlüyü əldə saxlaya bildi və minimal hesablı qələbə qazanaraq toplanışı müsbət notlarla başa vurdu.
Lakin nəticədən daha çox oyun düşündürücü idi. Dünyanın ən zəif milli komandalarından biri hesab olunan San Marino qarşısında belə çətinlik çəkməyimiz müəyyən suallar doğurur. Əlbəttə, yoxlama oyunlarında əsas məqsəd nəticədən çox sınaqlar aparmaqdır. Ancaq istənilən halda həm Malta, həm də San Marino ilə oyunlar göstərdi ki, milli komandanın üzərində görüləcək işlər hələ çoxdur.
Səfər boyunca məşqləri izləmək, komandanın gündəlik hazırlıq prosesini yaxından müşahidə etmək imkanı qazandıq. Məşqçilər korpusu müxtəlif variantları sınayır, futbolçular isə verilən tapşırıqları yerinə yetirməyə çalışırdı. Bununla belə, meydanda görünən problemlər göstərdi ki, bəzi çatışmazlıqların aradan qaldırılması üçün zamana ehtiyac var.
Avstriya-Macarıstan səfəri başa çatdı. Milli komanda bir məğlubiyyət və bir qələbə ilə Bakıya qayıdır. Nəticələr ürəkaçan olmasa da, bu oyunlar komandanın real vəziyyətini görmək baxımından faydalı oldu. İndi əsas məsələ çıxarılan nəticələrin düzgün təhlil olunması və qarşıdakı rəsmi oyunlara daha hazırlıqlı şəkildə çıxmaqdır.
Millimizin oyunlarını stadiondan AFFA-nın baş katibi Cahangir Fərəcullayev də izləyirdi. Özü də ayaq üstə və bir qədər də gərgin. Hər halda, bu özü də müəyyən qədər vəziyyəti izahı edir. Bu tədirginlik yığma üçün də, baş məşqçi üçün də bir siqnal olsun. Çünki biz artıq millimizin oyunlarını tədirgin izləmək istəmirik. Xüsusən də özümüzə bərabər rəqiblərlə görüşlərdə.
Səxavət Qurbanov
Bük-Qrats-Bakı

