Kateqoriyasız

Antalya səfərindən qeydlər

"Min dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdı".

İlklər hər zaman maraqlı və bir o qədər də gözəl olur. Peşəkar Futbol Liqasının dəstəyi ilə hakimlərimizin Antalya toplanışı sözün hər mənasında mənim üçün bir ilk oldu.

Öncə onu vurğulayım ki, bu mənim "ay-ulduz"lu ölkəyə ilk səfərim idi.

…Bakı-İstanbul, İstanbul-Antalya reysi ilə Türkiyədə turizmin ən çox inkişaf etdiyi şəhərlərdən biri – Antalyaya çatdıq. Yaddaş təzələyərək qeyd edim ki, bir milyondan çox əhalisi olan Antalya kurort-şəhəri eyniadlı körfəzin sahilində, dəniz səviyyəsindən 40 metr hündürlükdə yerləşir. İnkişaf etmiş müasir otellər şəbəkəsi, çoxsaylı restoranlar, mal çeşidlərinin fərqliliyi ilə seçilən ticarət mərkəzlərinə malik bu şəhər türk rivyerasının mərkəzi hesab olunur.

Onu da qeyd edim ki, hakimlərimizlə yanaşı Premyer Liqa klublarımızdan altısı məhz bu ölkədə təlim-məşq toplanışındadı.

"Kimdi müqəssir?"

Təbii ki, ilk olaraq hakimlərimizin hazırlıqları ilə tanış olduq. Bizimlə eyni oteldə məskunlaşan ədalət təmsilçislərinin 2015-ci ilə yüksək səviyyədə hazırlaşdıqlarını da qeyd etmək lazımdı.  Məhz bunun nəticəsidir ki, hakimlərin Antalyadakı konfransları olduqca gərgin keçirdi. Düzdü, 7 günlük səyahətimdə tam olaraq bu konfransalarda iştirak edə bilmədim. Lakin qeyd edim ki, müzakirəyə çıxarılan qərarlar da yaranan fikir ayrılıqları, sonucda hətta "dava-dalaşa" kimi gəlib çıxırdı. Hətta müzakirələrin birində daha da gərginlik yaşandı. Belə ki, 10-cu turda Ramil Diniyevin idarə etdiyi "Bakı" – "Neftçi" oyununda meydan sahibi komandanın futbolçusu Nurlan Novruzova qarşı verilməyən şübhəli penalti epizodu dəfərlərlə bütün hakimlərə izlədilərək, onların fikirləri öyrənildi. Məhz belə anlarda fikirlərin haçalanması toplanışa xüsusi rəng qatırdı. Qısacası bir hakimin verdiyi şübhəli və ya səhv qərar üzərində bəzən saatlarla müzakirə aparılırdı. 

Hakimlərimizin təyinat aldığı oyunları yüksək səviyyədə idarə etmələri sevindirici məqamlardandı.

Aspendos teatrı və Kurşunlu şəlaləsi

Aspendos teatrı – romalılar tərəfindən biri böyük, biri kiçik təpə üzərində yaradılmışdı. Teatr Markus Aureliusun zamanında (e.ə.161-180-ci illərdə) memar Zenon tərəfindən inşa edilib.

Kurşunlu Şəlaləsinin gözəlliyini isə izah etmək çətindi. Bunun üçün oranı görmək ən düzgün izah olar.

Bu bizim Antalya səfərimizdəki gəzdiyimiz tarixi yerlərdən kiçik bir məlumat idi.

İş başında gördüklərimiz

Yenidən səfərimizin əsas mahiyyətindən danışım. Hakimlərin toplanışı haqda məlumatlar əldə etdikdən sonra Premyer Liqa klublarımızın düşərgələrinə yollandıq. Bu müddət ərzində “Neftçi”, “Qarabağ”, “Simurq”, "Qəbələ”, “İnter” kimi komandaların yoxlama matçlarını, “Xəzər Lənkəran”ın isə məşqini izləmək şansı qazandıq. “Neftçi” və  “İnter”in sınaq matçlarında sərgilədiyi futbol göz oxşayır. Təbii ki, çatışmamazlıqlar var.

“Qarabağ”, “Qəbələ” və “Simurq” isə çempionatın digər bölümünə 50% hazır deyil desək yanılmarıq.  Sözügedən klubların baş məşqçiləri də bunu oyundan sonra verdiyi açıqlamalarında etiraf edirlər.

“Xəzər Lənkəran”ın məşq prosesini isə ən son gündə izlədik. Gənclərdən toplanan komanda da yüksək ab-hava höküm sürür. Fiziki yükləmələr fonunda futbolçular bu yorğunluqu dənizdə çimməklə atırdılar.

"Bəy tərifi"nə lüzum yoxdu, amma...

…gərək "kölgədə qalanlar"ı da qeyd edəsən. Qurumun mətbuat xidmətində çalışanlar – Aslan Şahgəldiyev və Elgiz Abbasov medianın nazıyla oynadı desək yanılmarıq. Klublarımızın yoxlama görüşləri bəzən üst-üstə düşdükdə, bu matçın bitiminin həmən ardından digər oyuna media nümayəndələrinin çatdırılması üçün səylə çalışırdılar. Hər halda hər iki tərəf işinin öhdəsindən gəlməyə çalışırdı.

Yazıldığı kimi, Antalya səfəri mənim üçün bu cür xoş təəssüratlarla yadda qaldı. Növbəti işgüzar səfərlərdə görüşmək ümidi ilə … 

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43