Müsahibə

Azər Salahlı: “Bu, hər oyunçu kimi mənim də xəyalımdı”

“Keşlə” komandasının futbolçusu Azər Salahlı İdmanxeber.az saytına müsahibə verib.

-“Neftçi” ilə oyunda zədələnərək meydandan çıxdın. Vəziyyət necədir, ciddidir ?

-Ayaq pəncəmdə qırıq var. Hazırda gibsdədir. Təxminən 3 həftə gipsdə qalacaq. Və böyük ehtimal yenidən meydanlara qayıtmağım fasilədən sonraya qaldı.

-“Qarabağ”dan xal alsanız da, “Neftçi”yə məğlub oldunuz. Səncə həmin oyunda komandada nə çatmadı ?

-Bildiyiniz kimi Tərlan Əhmədov komandaya yeni təyin olunub. Komandanı hər oyuna yüksək motivasiyada hazırlayır. Qısa vaxtda artıq oyunumuzdakı irəliləyiş hiss olunur. “Neftçi” ilə oyunda sadəcə bəxtimiz gətirmədi. İlk dəqiqələrdə diqqətsizlikdən qol buraxdıq. Oyun boyu hücumda olsaq da, alınmadı. Həmin oyunda xala layiq oyun oynamışdıq.

-Tərlan Əhmədov “Keşlə”nin Avroliqaya vəsiqə qazanmaq üçün oynayacağını bildirib. Səncə komandanın Avroliqaya vəsiqə qazanacaq gücü var ?

-Biz hamımız buna inanırıq. Təbii ki, bu gücə sahibik. Bütün komandaları məğlub edəcək gücümüz var. Sadəcə buna inanıb, istəyimizi ortaya qoymaq lazımdır. Ümid edirəm ki, bunu bacara biləcəyik.

-Milinkoviç dönəmində komandada yanlış gedən nə idi ?

-Hər şey qaydasında idi. Sadəcə komandada motivasiya və özgüvən əskikliyi vardı. Bunun səbəbini isə bilmirəm. O dönəm artıq geridə qaldı. Biz indi yeni baş məşqçi ilə uğurlu çıxış etmək üçün çalışırıq.

-Milli komanda barəsində nə düşünürsən, dəvətə hazırsan ?

-Milli komanda bizim işimizin mükafatıdır. Və təbii ki, bütün oyunçular kimi mənim də arzumdur. Dəvət gəlsə, canla başla hazıram. Ancaq artıq ayağımın belə olması indiki dönəmdə olan ümidlərimi bitirdi. Bəlkə də qismət deyilmiş. Ancaq gələcəkdə milliyə dəvət almaq üçün çalışacam.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43