25 İyun 2026
Ölkə futbolu

Azərbaycan futbolunun görünməyən cəbhəsində

Millimizin aşağı yaş qruplarında çalışan Aqil Nəbiyev barədə müxtəlif xəbərlər dolaşır. İddiaya görə, təcrübəli mütəxəssis UEFA Pro lisenziyalı məşqçi kurslarının imtahanından kəsilib. Nəbiyev bu barədə açıqlama verərək, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. İşin bu tərəfi barədə artıq nəsə yazmağa ehtiyac yoxdu. 

Ancaq gündəmin Aqil Nəbiyev olduğu bu vaxtlarda onun barəsində bir neçə cümləyə ehtiyac olduğunu görürəm.

Bu gün onunla nə yaxın qardaşlığım, nə də yaxın dostluğum var. Olsa belə, şəxsi münasibətləri əsla işə qarışdıran deyiləm. Bu günə qədər etmədiyim kimi.

O, hazırda millilərimizin U-15, U-16, U-17 və U-18 komandalarının baş məşqçisidir. Dərhal qeyd edək ki, bu onun seçimi deyil, AFFA-nın qərarıdır. Çünki Nəbiyev aşağı qrupları ilə çalışan ən yaxşı mütəxəssislərdən biridir. Millilərin ona tapşırılması da bunun sübutudur.

Dəfələrlə komandaların Qəbələdə təlim-məşq topanışında olmuşam, onun işi ilə yaxından tanışam. Azərbaycan futbolu ilə maraqlananlar yaxşı bilir ki, ölkədə ən çətin iş məhz bu yaş qrupu ilə çalışmaqdır. Aqil Nəbiyev də işinin öhdəsindən gəlməyə çalışır.

Əgər maraqlananlar varsa, onu da qeyd edim ki, Aqil bəy üç işi bir maaşa görür. Nəticələrin ürəkaçan olmaması onun yox, Azərbaycan futbolunun problemidir, reallığıdır.

Ümumiyyətlə, istər Aqil Nəbiyevin, istərsə də onun qardaşı Nadir Nəbiyevin ölkə futboluna xidmətləri olub. Nadir bəy “Turan Tovuz”un ən çətin vaxtlarında komandanı ayaqda saxlayıb, fədakarlıq edib. Bunu ən yaxşı tovuzlu azarkeşlər bilir.

Aqil Nəbiyev isə bu gün Azərbaycan millilərinə rəhbərlik edir. Bu çətin dövrdə heç də asan olmayan yükün altındadır. Pis-yaxşı nəsə etməyə çalışır, ortaya bir şey çıxarmaq üçün mübarizə aparır.

Əgər bir problem, çatışmazlıq varsa, onlar da digərləri kimi tənqid edilməlidir.

Amma yaxşı işləri unudulmamaq şərtilə.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43