“Açığı, azarkeşlərin belə təpki göstərməsini gözləmirdik. Komanda birinci ildir ki, Premyer Liqada mübarizə aparır. Bizi dəstəkləyənlər də var idi. Bəziləri baş məşqçini istefaya çaırsalar da, digərləri bizə dəstək olurdu”.
Bu sözləri idmanxeber.az saytına “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev “Şamaxı” oyunu (1:1) sonrası azarkeşlərin komandanın baş məşqçisi Ayxan Abbasovu istefaya çağırmasına münasibət bildirərkən deyib. O, belə ab-havanın qarşıdakı oyunlara da təsir edəcəyini bildirib:
“Turan Tovuz” yeni yığılan komandadır. Hazırda çempionatda 6-cı pillədəyik. Ölkə kubokunda da yolumuza davam edirik. Kubok matçı öncəsi azarkeşlərin belə etməsi düzgün deyildi. Ancaq yenə də tərəfdardılar, hər zaman yaxşı nəticə istəyirlər. Biz də bundan sonra daha yaxşı çıxış etməyə çalışacağıq.
Bu durum bizim qarşıdakı oyunlarımıza da təsir edir. Çünki irəlidə bizi çətin qarşılaşmalar gözləyir. Düzdür, komandada ab-havanın korlandığını demək olmaz. Bunun üçün elə də ciddi səbəb yoxdur. Qarşıdakı oyunlarda nəticə qazanıb son sıralarla aramızdakı xal fərqini qorumağa çalışacağıq”.
Həsən Quluzadə

