Kateqoriyasız

Balaca Nilayın böyük uğurları

Son illər ölkəmizdə sürətlə inkişaf edən idman növlərindən biri də gimnastikadır. Ötən 20 ildə Azərbaycan Gimnastika Federasiyası idmanın bu növünün ölkəmizdə təbliği və yeni istedadların üzə çıxarılması üçün böyük işlər görüb.

İdmanxeber.az xəbər verir ki, belə istedadlı yeniyetmələrdən biri də Nilay Pünhanlıdır. Yeddi yaşlı idmançı bədii gimnastika ilə məşğul olur. Valideynləri Nilayın plastikasını, çevikliklə etdiyi qeyri-adi hərəkətləri müşahidə etdikcə, onun doğrudan da xüsusi istedada malik olduğunu görüblər. Bunu nəzərə alan valideynləri onu gimnastika məktəbinə yazdırıblar.

Məşqçilər Nilayın istedadını nəzərə alaraq, onu bir sıra respublika və paytaxt miqyaslı yarışlarda sınamaq qərarına gəliblər. O, müəllimlərinin ümidlərini qısa müddətdə doğruldaraq bir sıra uğurlara imza atıb. Dəfələrlə respublika və paytaxt yarışlarında birinci yerə layiq görülüb.

Artıq balaca Nilay sərhədləri aşaraq beynəlxalq turnirlərə də qatılmağa başlayıb. Onun beynəlxalq arenada uğurları bir-birini əvəz etməyə başlayıb. Balaca gimnast Rusiya, Macarıstan və Birləşmiş Ərəb Əmirliklərində keçirilən yarışların qızıl medallarına sahib olub.

Nilayın uğurları hələ qarşıdadır. İnanırıq ki, yeniyetmə idmançımız bundan sonra da qarşısına qoyduğu məqsədlərə nail olacaq, ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43