Ölkə futbolu

“Bizim günümüz deyildi” – Regekamf

“Oyuna çox pis başladıq. Rəqibə böyük hədiyyə elədik. Bu cür penalti yolverilməzdir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib. Rumıniyalı mütəxəssis ikinci qoldan sonra geri dönüş etməyin çətin olduğunu bildirib:

“Bizim günümüz deyildi. Şanslarımız oldu, yararlana bilmədik. Təlim-məşq toplanışı dövründə zədə ilə bağlı problemlərimiz oldu. Bir növ bəxtsizlik yaşadıq. Zədəlilərimizin tezliklə komandaya qayıtmalarına çalışırıq. Həmçinin, yeni gələnlərin tez uyğunlaşmalarını istəyirik. Onlar komandaya gec qoşuldular. Komandada bu cür oyunçuların olmasına çox sevinirəm”.

O, qarşıdakı günlərdə daha bir transfer edəcəklərini söyləyib: “Güclü heyət qurmağa çalışırıq. Məqsədimiz kuboku qazanmaq və yayda Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq olacaq”.

Regekampf əsas rəqibləri “Sabah” və “Qarabağ”la oyunlardakı məğlubiyyətlərlə bağlı sualı belə cavablandırıb: “Güclü olmaq üçün əziyyət çəkməlisən. “Qarabağ” da ilk illərində heyətin formalaşması üçün çalışdı. Bizə də vaxt lazımdır. Ötənilki “Sabah”la builki “Sabah” arasında da böyük fərq var. Onları məğlub etmək üçün çox yaxşı olmalısan. Rəqiblə bir matçımız qalıb. Həmin görüşə də hazır olmalıyıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43