Premyer Liqanın debütantı olan “Araz-Naxçıvan”ın cari mövsümkü çıxışı yaxşı mənada hər kəsi təəccübləndirə bilib. Komanda geridə qalan 5 oyundan sonra 7 xalla 7-ci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisinin ilk mövsümdə sərgilədiyi oyun futbolsevərlər tərəfindən də müsbət qarşılanır. Çempionatdakı fasilədən öncə Gəncədə “Kəpəz”i məğlub edən “Araz Naxçıvan”da oyunçuların komandaya tam uyğunlaşmasından sonra daha fərqli çıxış olacağı ehtimal edilir.
Artıq heyətin aparıcı üzvləri Naxçıvan klubunun hədəfinin avrokubok olduğunu bildirir. Premyer Liqadakı ilk mövsümdə belə iddialı və cəsarətli mövqe sərgiləyən oyunçuların özgüvənli danışması müsbət haldır. Elə komandanın mübarizəsi, meydandakı oyunu da bu iddiada olmalarına əsas verir.
Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırovla “Araz-Naxçıvan”ın cari mövsüm performansı və qarşıdakı hədəfləri barədə danışdıq.
– Komanda Premyer Liqada ilk mövsümü olmasına baxmayaraq, yaxşı oyun göstərir. Hədəfin avrokuboklar olduğu deyilir…
Bu gün çox böyük iddialarla danışmaq istəmirik. Hər gün rəqiblər güclənir, yeni transferlər olunur. Öz oyunumuzla xallarımızı artırmalıyıq. Hələ qarşıda çox yolumuz var. Qış fasiləsinə qədər komanda istədiyimiz xalları toplaya bilsə, hər hansı bir iddiadan danışmaq olar. Ancaq indidən nəsə demək tezdir.
– “Turan Tovuz”la oyundan sonra qapıçınız Bukviç Semir səhvə yol verdi. Onun ardından heyətə yeni qolkiper cəlb etdiniz. Maraqlıdır, bosniyalı oyunçunun aqibəti necə olacaq?
Bukviç bizimlədir, komandada hazırlıqlarını davam etdirir. Heyətdəki bütün legionerlərimizə güvənirik. Hamısının komandaya kömək edəcəyinə inanırıq. Sadəcə, bəziləri adaptasiya problemi yaşayır. Dərhal komandaya uyğunlaşa bilmirlər. Məsələn, heyətdəki braziliyalılar erkən adaptasiya oldu. Amma Azzaui və Bukviç kimi oyunçulara bir az zaman lazımdır. Onlarla müqaviləmiz var, futbolçularla yola davam edəcəyik.
– Mövsümün əvvəlində Qurban Qurbanovun “Qarabağ” sistemini komandaya tətbiq etmək istədiyinizi demişdiniz. Artıq bir neçə oyun geridə qalıb. Nə dərəcə uğurlu alınır?
Qurban müəllimin yaratdığı “Qarabağ” modelinə illərlə vaxt lazımdır. Biz onları görmüşük, izləyirik. Qurbanovun illərdir Azərbaycan futboluna verdiyi töhvə, “Qarabağ”ın uğurları göz önündədir. O sistemi yaratmaq üçün vaxta ehtiyac var. Söhbət 1-2 aydan getmir, illər lazımdır. Amma məncə, bizə nisbətən asan olacaq. Çünki nümunəsi gözümüzün önündədir. Yetər ki, istədiyin oyunçuları tapa biləsən, o sistemin üzərində çalışasan. Bu işdə davamlılıq çox önəmlidir.
– Komandanın hazırkı heyəti avrokuboklara vəsiqə qazanmaq üçün yetərlidir?
Heyətimiz yaxşı futbolçulardan formalaşıb. Onlar hələ formalarını daha da yaxşılaşdıracaq, komandaya uyğunlaşacaqlar. Bundan sonra daha çox uğur qazanacağıq. Bu gün də transfer çalışmalarımız davam edir. Bizə hücum xəttində vinger, “10” nömrə və hücumçu lazımdır. Axtarışlarımız davam edir.
İdmanxeber.az

