İdman

“Çox sevinirəm ki, “Neftçi”yə belə futbolçular transfer olunub” – Ruslan Abışov

“Mövsümün hazırlığına yeni baş məqşçi ilə başlamışıq. İnanıram ki, hər şey komandamız üçün yaxşı olacaq. Biz futbolçuların üzərinə düşən vəzifə baş məşqçinin verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirməkdir ki, oyunlarda daha yaxşı çıxış edək”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Ruslan Abışov klubun rəsmi saytına açıqlamasında söyləyib. Təcrübəli futbolçu yeni transferlərdən də danışıb: “Baqali Dabonun səviyyəsi məlumdur. Dario Frederiko da onun kimi. Çox sevinirəm ki, “Neftçi”yə belə futbolçular transfer olunub. Əlbəttə, xorvatiyalı müdafiəçi Slavko Braliçi də bura aid edərdim. Əminəm ki, yeni transferlər tez bir zamanda komandaya uyğunlaşıb, həm çempionatda, həm də Avropa Liqasında uğurlu mübarizə aparmağımız üçün bizə kömək edəcəklər. Turalın və Rəşadın da bizə qoşulması komandaya əlavə güc qatacaq”.

Abışov komandanın Avropa Liqasındakı şansları haqda bunları söyləyib: “Düzdür, avrokubokların formatı çətinləşib. Amma bizim oyunlara hazırlaşmağımızdan çox şey asılıdır. Maksimum uğurlu çıxış etmək istəyirik. “Neftçi” və Azərbaycan adına yaxşı nəticə göstərmək üçün əlimizdən gələni etməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43