“İkinci dövrənin ilk oyunu idi. Öz azarkeşlərimizin qarşısında qələbə qazanmaq istəyirdik. Çox təəsüf ki, məğlub olduq. Qarşıda 21 tur var, heç nə bitməyib. Güman edirəm ki, “Karvan-Yevlax” Premyer Liqada qalacaq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Azər Həşimov “Kəpəz” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Azarkeşlər oyunun sonunda sizi istefaya çağırdılar. Buna münasibətiniz necədir?
– İstefa məsələsi futbolda var. Bu barədə yəqin ki, rəhbərlik qərar verəcək. Hələ ki heç nə deyə bilmərəm.
– Vüsal Məsimovu əvəzləmək istədiz, amma o meydandan çıxmadı. Məşqçilər korpusu 25 yaşlı futbolçuya sözünü keçirə bilmirsə, digər oyunçulara necə keçirə bilər?
– “Araz-Naxçıvan”la oyunda Vüsalın zədəsi var idi. Bu gün özü köməkçilərimə demişdi ki, əvəzetmə olsun. Sonra dedi ki, yaxşıyam, dəyişməyin.
– Sizin dediklərinizlə meydanda gördüklərimiz üst-üstə düşmür. Həmin epizoddan bir neçə dəqiqə sonra Vüsal texniki zonaya yaxınlaşıb “mən çıxmayacam” dedi…
– İnanın ki, o sözü mənə deməyib. Vüsalın əvəzetmə istəməsini də mənə köməkçilər demişdilər. Ona görə anlaşılmazlıq oldu. Yüz faiz əmin olun. Heç bir problem yoxdur.
– “Kəpəz” Premyer Liqada qalmaq mübarizəsində əsas rəqibinizdir. Bununla belə Yevlax şəhər stadionunda onların oynamasına razılıq verilib. Bu nə dərəcədə düzgündür?
– Buna mən qərar verməmişəm. Rəhbərliyə aid olan sualdır. Suala cavab verə bilmərəm.
– Sizcə, bu gün niyə uduzduz?
– Penalti epizodunda futbolçular bir az diqqətsiz yanaşdılar. Rəqibin də, bizim də qol imkanlarımız oldu.
– “Kəpəz”, “Karvan-Yevlax” və “Qəbələ” Premyer Liqanı tərk etməyə namizədlər kimi görünür. Sizcə, bu üç komandanın içində zəif bənd kimdir?
– Bu mövsüm mənim Premyer Liqada debütümdur. Bizim çətinliklərimiz çox olub. Deyərdim ki, hamısının şəraiti bizdən yaxşı olub. Meydança problemimiz var idi. İki həftədir burada məşq edirik. Pərdə arxasında görünməyən o qədər problem var ki. Hamı səhvi məşqçidə görür.
– Doğma meydanda məğlubiyyətlər davam etdikcə təzyiq çox olacaq. Bu haqda nə deyə bilərsiniz?
– Bu, futbolun bir hissəsidir. Mətbuat da, azarkeşlər də təzyiq edə bilər. Təzyiqdən çıxacağıq və daha yaxşı olacağıq.

