15 İyun 2026
Ölkə futbolu

Klublara məlumat verildi: Gözləniləndən daha çox qazandılar

Yerli futbolçuların oynadılmasına görə təşviq mexanizmi çərçivəsində Premyer Liqa klublarının əldə edəcəyi məbləğ müəyyənləşib

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Peşəkar Futbol Liqası 2025/26 mövsümündə legioner rüsumlarından əldə olunan vəsaitin 2,5 milyon manatdan çox hissəsini elita təmsilçiləri arasında bölüşdürəcək. Bununla bağlı artıq klublara məlumat verilib.

Xüsusi hesablama qaydasına əsasən, ən böyük məbləğ yerli futbolçulara ən çox oyun vaxtı verən “Qəbələ” klubuna çatacaq. Siyahıda ilk yeri tutduğu üçün bölgə təmsilçisi əlavə 50 min manat bonus da əldə edəcək. Beləliklə, “qırmızı-qaralar”ın ümumi qazancı təxminən 450 min manat civarında olacaq.

Digər klublar da sıralamadakı yerlərinə uyğun olaraq müvafiq vəsaiti alacaqlar. Premyer Liqanı tərk edən “Karvan-Yevlax” da payına düşən məbləği alacaq.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2025/26 mövsümündən etibarən Premyer Liqada yerli futbolçuların oynadılmasına görə təşviq mexanizmi tətbiq olunur. Qərara əsasən, klubların legioner futbolçular üçün ödədiyi rüsumun ən azı 1 milyon avroluq hissəsi yerli futbolçulardan istifadə göstəricilərinə uyğun şəkildə klublar arasında bölüşdürülür.

Tunar


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43