“Millinin Belçika ilə oyunu çox çətin olacaq. Rəqib olduqca güclü komandadır. Avropanın aparıcı liqalarında çıxış edən futbolçuları var. Onlara qarşı oynamaq asan deyil. Tək üstünlüyümüz odur ki, matç Bakıda keçiriləcək. Rəqibin adı belə oyuna motivasiya olmağa bəs edir. Bir xal qazansaq, bizim üçün böyük işdi. Əgər qalib gəlsək, böyük sensasiya olar. Ölkə futbolu üçün də uğur sayıla bilər. Bir dəfə Belçikadan 1 xal qazanmışdıq. İndi onlar daha təcrübəlidir, gücləri də artıb. Bu səbəbdən də Belçika ilə oyun çox çətin keçəcək”.
Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov yığmamızın AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçiriləcək Belçika görüşü barədə danışarkən deyib. “Araz Naxçıvan” klubunun məşqçisi millimizin qrupdakı 3 oyundan cəmi bir xal toplamasını belə şərh edib:
“Əlbəttə, 3 oyuna bir xal yığmaq böyük uğursuzluqdur. Yoldaşlıq görüşlərindəki nəticələrinə görə Canni De Byaziyə şans verdilər. Həqiqətən də yığma həmin görüşlərdə yaxşı çıxış etmişdi. Ancaq bundan artıq şans verəcəklərini düşünmürəm. Düzdür, qərarları biz vermirik. Amma nəticə də göz qabağındadır. Ortaya iş qoyulmur. Komanda oyun göstərmir, yaxşı futbol sərgiləmir. Açığı, milli komandada birlik yoxdur, lider çatışmazlığı var. Hamı eyni yerə vurmur, komanda ola bilmirik. Heyətdə məşqçidən ayrı lider futbolçu da olmalıdır. Oyunçuları motivasiya etməli, hamını bir yerə toplamalıdır. Bunlar hamısı nəticə qazanmaq üçün vacibdir. Heyət pis deyil, hamısı oynayan uşaqlardı. Artıq kənarda oynayan futbolçularımız da var. Bilirsiniz ki, ən böytük yaralı yerimiz bu olub. Ancaq indi vəziyyət nisbətən düzəlsə də, yenə nəticə yoxdur”.
Millimizin sabiq üzvü yığmanın yerli mütəxəssisə tapşırılmasını daha doğru sayır:
“Həmişə əcnəbilərə inanırıq, özümüzünkülər qalır kənarda. Gələnlər də ümidləri doğrultmur. Düzdür, millidə işləmək çətindir. Nə qədər danışılsa da, yazılsa da yığmada çalışmaq asan deyil. Amma yerli məşqçi ən azından futbolçuları tanıyır, onların xarakterini bilir. Azərbaycanda olacaq, oyunları izləyəcək, heç yerə getməyəcək. Hər şeyə yerində baxıb qiymət verə biləcək. Ancaq buna qərar verəcək rəhbərlik var. Yekun qərarı onlar verir”.
Azərbaycan – Belçika görüşü sentyabrın 9-da, saat 17:00-da “Dalğa Arena”da start götürəcək.
Həsən Quluzadə

