İngiltərə Premyer Liqasının 8-ci turunda təxirə salınmış oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi görüşündə “Liverpul” “Çelsi” ilə üz-üzə gəlib. Qolsuz bərabərliklə bitən matçın ardından “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp oyun barədə fikirlərini bildirib:
“Keçən il komandalar iki finalda qarşılaşdılar. Bu, indiyə qədər gördüyüm ən yaxşı matçlardan idi. Bu gün özünə güvənməyən, amma döyüşə hazır komandalar var idi. Hesabdan razı qaldıq, çox yaxşı oldu. Biz döyüş ruhu nümayiş etdirdik və irəli getməliyik.
Hücumda qol imkanları yaratdıq. Ən möhtəşəm matçımız olmasa da, irəliyə doğru bir addım atdıq. Bəzən kiçik addımlarla irəliləmək vacib olur.
Biz təslim olmayacağıq, mübarizə aparacağıq. Çox danışa bilərsən, amma meydanda sübut etməlisən. Və biz düzgün istiqamətdə bir addım gördük.
Belə bir neçə mövsüm keçirsək, “Liverpul”un baş məşqçisi ola bilmərəm. Mübarizə aparmaq lazımdır, həyat belədir”.

