25 İyul 2026
Ölkə futbolu

Portuqaliyalı millimizin baş məşqçisi oldu – RƏSMİ

AFFA İcraiyyə Komitəsinin 19 fevral 2026-cı il tarixində keçirilmiş iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi postuna Rui Jorgenin namizədliyi müzakirə çıxarılmış və təsdiq edilmişdi.

Hüquqi prosedurların tamamlandığını nəzərə alaraq Rui Jorge müvafiq millinin baş məşqçisi postuna təyin olunub.
Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.
Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq. Dəqiq tarix, vaxt və mətbuat konfransının keçiriləcəyi məkanla bağlı ictimayyətə məlumat veriləcək.
Qeyd edək ki, Rui Jorge məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.
2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorge 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43