Ölkə futbolu

Prezident Kamran, yoxsa futbolçu Kamran?

“Neftçi”nin prezidenti Kamran Quliyevin adını sənədlərdə futbolçu kimi yazdırması və aylıq əməkhaqqısının 10105 manat təşkil etməsi barəsində yaydığımız informasiya geniş rezonans doğurdu. Kluba verilən sorğular cavabsız qalınca bu bir növ öz təsdiqini tapmış hesab edildi. Nəticədə klub bu məsələyə reaksiya vermədi, mövcud durumu nisbətən dəyişməyə çalışdı. Ki, buna da elə nisbətən də nail oldu.

İdmanxeber.az-a daxil olan növbəti informasiyada isə artıq Quliyevin sənədlərdə adını futbolçu deyil, prezident kimi yazdırması diqqətdən qaçmır. İctimai qınaqdan qorxan “Neftçi” tərəfi baş verə biləcək xoşagəlməz məqamların qarşısını almaq üçün bu yola əl atdı və Quliyevin prezidentliyini rəsmiləşdirdi.

Futboçu statusundan prezident statusuna yüksələn Kamran Quliyev bu məsələdə növbəti dəfə diqqətsizliyə yol verib(?) Adını klub sənədlərinə futbolçu kimi yazdıran Quliyev yenə eyni maaşı alacaq. Yəni ayına 10105 manat. Bu da illik 121260 manat deməkdi. Maraq üçün qeyd edək ki, Azərbaycanda rəsmi əməkhaqqısı bu qədər olan ikinci klub prezidenti yoxdu.

Dövlətin əsas gəlir yeri olan SOCAR-dan maliyyələşən “Neftçi” ona ayrılan vəsaiti bu və digər formada dağıtmaqdadı. Bu bir daha klubda şəffaflıq meyarlarına tam əməl edilmədiyini isbatlayan nüansdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43