Kateqoriyasız

Prosineçki: “Rəqib oynamaq istəmirdi”

“Oynamaq istəməyən rəqibə qarşı oynamaq çox çətindi. Nəticəyə baxmayaraq ilk hissədən razı qaldım. Tamamilə yeni heyət idi. İkinci hissədən isə narazı qaldım. Rəqib oynamaq istəmirdi və bizə də öz hücumlarımızı qurmağa imkan vermirdi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki Andorra ilə qolsuz bərabərə qaldıqları yoldaşlıq oyunundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
 
– Narazı qaldığınız əsas məqamlar hansıdır?

– Oyunumuz alınmadı, top saxlaya, hücum qura bilmirdik. Cinahlardan aktiv istifadə edə bilmədik. Ancaq tam narazı qaldığımı da deyə bilmərəm. Nəzərə alsaq ki, əsas heyətin 9 üzvü yox idi bu gün. Gənclərdən qurulmuş komanda çıxmışdı meydana. Biz daha yaxşı oynaya bilirik, ancaq təəssüf ki, bu gün tam potensialımızı aça bilmədik. Gözəl futbol üçün iki komanda da oynamalıdır. Bu dəfə isə rəqib buna imkan vermədi. Tərəflərdən biri oyunu “sındıranda” o biri də hərəkət edə bilmir. Gənc oyunçular özlərini pis göstərmədilər, ancaq ümumi götürdükdə razı qalmadım. Budaq, Adil, Tərlan kimi oyunçular ilk dəfə milli formanı geyinmişdilər.
 
– Bu gəncləri yenidən əsas heyətdə görə biləcəyik?

– Əsas heyətin oyunçuları dünən ağır oyuna çıxıblar. Hələ onların vəziyyətlərinə baxacağıq. Görək kim yorğundur, kimin zədəsi var. Makedoniya və Kanada ilə matçlarda mən bəzi şeyləri sınaqdan keçirmək istəyirəm. Ona görə də son iki oyundan maksimum yararlanmağa çalışacam ki, sentyabrda rəsmi oyunlara hazır olaq.
 
– Anar Nəzirov bu gün 90 dəqiqə oynadı. Belə düşünmək olar ki, hər matçda bir qapıçıya şans verəcək?

– Bəli, düz başa düşmüsünüz. Hərəsini bir oyunda yoxlayacam. Bu gün isə Anarın çox işi yox idi, razı qaldım ondan.
 
– Qapıçımızın işinin çox olmaması rəqib hücumçuların zəifliyi, yoxsa, bizim müdafiəçilərin yaxşı çıxışı ilə bağlı idi?

– Müdafiə xətti bu gün çox yaxşı oynadı. Hücumda aktiv olmamağımıza baxmayaraq, arxa xəttdən çox razı qaldım.
 
– Eksprimental heyət olsa da, düşünmürsünüzmü ki, Andorra ilə bərabərliyi azarkeşlər xoş qarşılamayacaqlar və sırf nəticəyə görə tənqid oluna bilərsiniz?

– Biz bilirik ki, bu gün 7 debütant var idi heyətdə, ona görə də, nəticə bizim üçün önəmli deyildi. Əsas yoxlamaq istədiyim məqamlar idi.

qol.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43