Azərbaycan Premyer Liqasının II turunda “Qəbələ” Mərdəkanda yerləşən “Dalğa Arena”da Bakının “İnter” klubunu qəbul edib.
Qarşılaşma 0-0 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra keçirilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib:
“Qalib gəlməli olduğumuz bir oyunda xal itirdik. Bu, bir-iki futbolçudan asılı deyil”.
– Oyunu “Maribor”un məşqçisi də izləyirdi. Komandanın bu gün xal itirməsi bununla bağlı deyil ki?
– Əlbəttə ki, yox.
– “Qəbələ” sanki bu gün çox ağır oynayırdı…
– Rəqib çox güclü idi. İlk turda son çempiona qalib gəldilər. Bu oyundan nəticə çıxararaq, gələn qarşılaşmalara hazırlaşmalıyıq.
– Avrokuboklarda belə bu dərəcədə hirsli görünmürsüz. Bu, heyətdə azərbaycanlı oyunçuların daha çox olmasıyla bağlı deyil ki?
– Yəqin avrokuboklarda mənim hərəkətlərimi yaxşı izləməmisiz (gülür).
– Avropa Liqasındakı stadion dəyişikliyilə bağlı nə deyə bilərsiz?
– Dəfələrlə demişəm ki, 8-ci km stadionu mənə çox yaxşı təsir bağışlayır. Orda gözəl atmosfer olur. Ancaq ot örtüyü ilə bağlı bu addımı atmağa məcbur olduq. Bunun oyunumuza mənfi təsir edəcəyini düşünmürəm.
– Svanadze nəticənin qanunauyğun olduğunu dedi…
– Rəqibin fikrini müzakirə etməyəcəm. Mənim şəxsi fikrim bundan ibarətdi ki, biz bu oyunda qalib gəlməli idik.
– Penaltini yerinə yetirən Kvekveskiri uzun müddət “İnter”də çıxış edib. Penaltini başqa futbolçu yerinə yetirə bilməzdimi? Nəzərə alaq ki, “İnter”in futbolçuları Nikanı çox yaxşı tanıyır…
– Bunu mən də düşünmüşdüm. Ancaq bizdə penalti vuran futbolçular arasında meydanda yalnız Nika var idi. Əgər digər oyunçular olsaydı, penaltini başqasına həvalə edərdim.(qafqazinfo)

