29 İyun 2026
Dünya futbolu

“Rakuv” qarşılaşmaq istəmədiyim komandalardan biri idi” – “Qarabağ”ın legioneri

“Qarabağ”ın futbolçusu Marko Veşoviç UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la keçiriləcək oyun barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı sağ cinah müdafiəçisi Polşa çempionundan çəkindiklərini etiraf edib:

“Püşkatmadan əvvəl dedim ki, qarşılaşmaq istəmədiyim komandalar var, onlardan biri də “Rakuv”dur. Bununla belə, ilk oyunun səfərdə, cavab görüşünün isə Bakıda keçirilməsindən şadam. “Rakuv”la yanvarda Antalyada yoxlama görüşündə üz-üzə gəldik və 0:3 hesabı ilə məğlub olduq. Ona görə də bu komandanı tanıyırıq. Baş məşqçiləri dəyişdi, bəzi oyunçularını itirdilər. Yeni gələnlərin isə zamana ehtiyacı olacaq. Baş məşqçi getsə də, komandanı onun köməkçisi qəbul etdi. Onların fəlsəfəsini, oyun tərzini diqqətlə təhlil etməliyik”.

Monteneqro millisinin üzvü “Rakuv”u ötən mövsüm üz-üzə gəldikləri Polşanın digər təmsilçisi “Lex”lə müqayisə edib: “Lex” daha hücumameyilli çıxış edirdi. “Rakuv” 3-5-2 sxemində çıxış edir. Bu sistemdə onlara qarşı müdafiə olunmaq asan olmur. Yaxşı oynayırlar, hamı müdafiəyə qayıdır. “Lex” bizim üslubumuza oxşar futbola üstünlük verirdi. Fərdi olaraq “Lex” daha keyfiyyətli ola bilərdi, amma “Rakuv” kollektiv şəkildə oynayır, futbolçular bir-birilərini yaxşı tanıyırlar. Ona görə də təhlükəli rəqib olacaq”.

Veşoviç I raundda Cəbəllütariq çempionu “Linkoln”u səfərdə 2:1 hesabı ilə məğlub etdikləri ilk oyunda çətinlik çəkdiklərini də gizlətməyib: “Həmin görüş isti hava şəraitində keçdi, oynamaq çətin idi. Üstəlik, süni örtükdə çıxış edirdik. Həm də, avrokuboklardakı ilk matçı nisbətən zəif keçirməyimiz bizim ənənəmizdir. Ötən mövsüm birinci oyunda da “Lex”ə uduzmuşduq”.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43