AFFA-nın hazırkı fəaliyyəti, xüsusilə maliyyə və infrastruktur sahəsindəki vəziyyət, ölkə futbolunun gələcəyi ilə bağlı ciddi suallar doğurur. Büdcənin azalması fonunda uşaq futbolunda müşahidə olunan problemlərin dərinləşməsi, iddialı çıxışlara rəğmən heç bir struktur yeniliyin həyata keçirilməməsi, federasiya rəhbərliyinin səmərəliliyini ciddi şəkildə sual altına alır.
Rövşən Nəcəfin AFFA prezidenti seçilməsindən sonra maliyyə resurslarının azalacağı ilə bağlı ehtimallar ictimai müzakirələrə çıxarılmışdı. Mövcud vəziyyət isə bu ehtimalların real zəmində kök saldığını göstərir. Əgər resurslar bu qədər məhduddursa, o zaman islahatlar, yeniliklər və futbol infrastrukturunun inkişafı hansı mexanizmlərlə təmin olunacaq?
Cənab Nəcəfin tez-tez vurğuladığı iş adamlarının futbola cəlbi ideyası isə yalnız şüar səviyyəsində qalır. Ötən bir il ərzində bu istiqamətdə hansı təşəbbüslər irəli sürülüb, hansı stimullaşdırıcı mexanizmlər tətbiq olunub? Faktiki olaraq heç bir konkret addımın atılmadığını müşahidə edirik. Fəaliyyət – sıfıra bərabərdir.
Süni şəkildə artırılmış komanda sayı məsələsinə gəlincə, artıq bəzi klubların öz bölgələrində çıxış etməyəcəyi ilə bağlı məlumatlar yayılmağa başlayıb. “Qəbələ” istisna olmaqla, digər bölgə təmsilçilərinin öz meydanlarından uzaqda çıxış edəcək olması bu qərarın yalnız görüntü yaratmaq naminə verildiyini sübut edir. AFFA rəhbərliyinin bir illik möhlət arqumenti də eyni mahiyyət daşıyır. Əgər bu qərar ümumi prinsipə söykənirsə, niyə “Araz Naxçıvan” artıq üç ildir Bakıda çıxış edir və bu möhlətdən kənarda qalır?
Bütün bu proseslər, əslində, AFFA-nın məsuliyyətdən yayınmaq və zaman qazanmaq məqsədi ilə populist qərarlar verdiyini göstərir. Çünki federasiya rəhbərliyi də, klublar da çox yaxşı bilirlər ki, bölgələrdə real və davamlı inkişaf üçün nə maddi, nə də inzibati resurslar mövcuddur. Belə olan halda, AFFA-nın klublara dəstək vermək əvəzinə büdcələri azaltması, vəziyyəti daha da qəlizləşdirir.
Azərbaycan futbolu, bu günlərdə əvvəlkindən daha mürəkkəb və qeyri-müəyyən bir mərhələyə qədəm qoyur. Perspektivlər getdikcə zəifləyir, inam isə tədricən sönür. Strategiya planının həyata necə keçəcəyi barədə isə hələ də sükut hökm sürür.
Həsən Quluzadə

