Köşə yazıları Ölkə futbolu

Şablondan kənar

“Sabah”ın “Partizan” üzərində yaxşı sərgilənən futbolla qazanılan qələbəsi ümidləri artırdı. Avrokuboklarda tarixində ilk dəfə iştirak etmək hüququ qazanan “bayquşlar” artıq bir klub kimi formalaşır. 3 oyun və hər 3-də qazanılan qələbə bunun bariz nümunəsidi.

UĞURUN FORMULU: Murad Musayev “Sabah”da yaxşı təşkilatlanmış komanda yarada bilib. Artıq hər kəs sadəcə onların qazandığı nəticələrə sevinmir, həm də baxımlı futboldan həzz ala bilir. Heç şübhəsiz ki, Masazır təmsilçisinin belə müsbət qrafik yaxalaması, lazımi nəticələrin ard-arda sıralanması rəhbərlik-baş məşqçi tandeminin uğurlu olmasından doğur. Demək ki, bu həm də uğurun bir göstəricisi, formuludu. Necə ki, eyni sistem digər klubumuz “Qarabağ”da da alınıb və bunun nəticəsini komanda illərdi görməkdədi.

Klub həm də uğurlu PR tədqiqatları ilə hədəf auditoriyasının marağını cəlb etməyi bacarır. Masazır sakinlərinin qısa zaman ərzində diqqətini özünə çəkməyi bacaran “Sabah” artıq ölkədə böyük əksəriyyət tərəfdən rəğbət görür. Bu isə klubun PR sahəsindəki nəticələrinin effektiv olmasının dəlilidi. Mütləq ki, bu da komanda işinin bir parçası, uğurudu.

ŞABLONDAN KƏNAR: İdarəçiliyin də bəlli standartlar var. Aşağı-yuxarı hər klub funksionerinin bildiyi, etdiyi və ya məhdud imkanlarla bacardığı bir standartlar. Hiss olunur ki, “Sabah” rəhbərliyi bu standartlardan qismən olsa da kənara çıxmağı bacarıb. Komandadakı söz sahibləri bəlli şablonu kənara qoymaqla universal bir idarəçilik yaratmaq yönündə inamla addımlayır. Alınmır desək, yanılmış olarıq.

PERSPEKTİV: 5 yaşlı komandanın istər daxili arenada, istərsə də avrokuboklardakı göstəriciləri uğurlu bir sistemin, planlı bir işin bəhrəsidi. Lev Tolstoy deyir ki, “uğurun asılı olduğu yeganə şərt səbrdir”. Səbrin mükafatını almaqdadı “Sabah” tərəfi. Bu ana qədər əldə olunan nəticələr belə ümid verir, perspektiv vəd edir. Tələskənlik, səbrsizlik olmayacağı təqdirdə “Sabah” Azərbaycan futboluna öz damğasını vurmaqda davam edəcək. Bu isə hər bir halda həm oyun keyfiyyətində, həm də nəticələrdə öz əksini tapacaq.

Səxavət Qurbanov

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43