Kateqoriyasız

Tərəqqipərvər “Tərəqqi” medallı eloğlumuz – YAZI

Bu günlərdə Azərbaycan Paralimpiya Komitəsinin vitse-prezidenti Mingəçevir şəhərinin yetirməsi Şaiq Həmidovun “Tərəqqi” medalına layiq görülməsi xəbəri doğma şəhərində sevinclə qarşılandı. Prezidentimizin imzaladığı bu fərman cari ilin oktyabr ayının 19-da 65 yaşı tamam olacaq Şaiq müəllimə qiymətli yubiley hədiyyəsi oldu. Eşidən kimi zəng vurub onu mən də sevinə-sevinə təbrik etdim, düşüncələrimi, duru diləklərimi, arzu və dualarımı telefonla çatdırmağı özümə borc bildim. Amma söyləmək istədiklərimin hamısını 2-3 dəqiqəlik bir telefon zənginmdəki zaman kəsiyindən aşıb-daşdığını hiss etdim. Bölüşəndə kədər azalan, sevinc isə çoxalan şeydir. Odur ki, bu sevinci bölüşərək böyütmək, paylaşmaq və bütün idmansevərlərə çatdırmaq qərarına gəldim.

Düşünürük ki, bu təltif təkcə Şaiq Həmidovun deyil, bu, paralmpiyaçılara, onların formalaşmasında zəhməti keçən, əməyini əsirgəməyən, payı olan, vaxtını, enerjisini və qəlbini qoyan pərdə arxasındakı bütün böyük orduya verilən qiymətdir. Bu medal – işində peşəkar, yorulmaz, intizamlı, vicdanlı işçilərə bəslənilən obyektiv münasibətin bariz nümunəsidir. Ən nəhayət, bu medal əsil mingəçevirlilərin, habelə Mingəçevir kəndinin, bu sevinci özününkü bilən yevlaxlıların, o cümlədən Ağqıraq, Varvara kəndlərinin, əksər ağdaşlıların, o sıradan Mürsəlli kəndinin və ümumiyyətlə, yurdcanlı, elsevər, təəssübkeş şaiqsevərlərin mükafatıdır.

Hər bir insan həm də zəmanəsinin, doğulduğu, yetişdiyi, işlədiyi, onu əhatə edən ictimai-siyasi mühitin övladıdır. Bu mənada bizim Şaiq müəllimin güclü idmançı, bacarıqlı rəhbər, layiqli vətəndaş kimi püxtələşməsində Mingəçevirin münbit ictimai-siyasi, mənəvii-əxlaqi, habelə idman mühiti zəngin zəmin olaraq öz təsirini göstərməyə bilməzdi. Torpaq münbit olanda, sağlam toxum keyfiyyətli və bol bar-bəhrə verəcəkdir. Mingəçevir ictimai mühiti kamil insan məbədidir, yüksək rentabelli insan kapitalı “istehsal” edən müəssisədir. Tam qətiyyət, böyük inam və məsuliyyətlə demək olar ki, kifayət qədər yüksək intellektli, dünyagörüşlü, səmimi və beynəlmiləl Mingəçevir ictimai mühiti əgər öz səviyyəsində qalarsa, gur və halal ocağından boy atmış hələ çox şaiqlər yetişdirəcək.

O, hələ 1967-ci ildə “Sevinc” kiboku uğrunda Azərbaycan çempionatında əfsanəvi məşqçi Baba Mustafayevin rəhbərlik etdiyi məşhur “Ulduz” futbol komandasının heyətində respublika birincisi olmuşdur. Gənc Şaiq elə həmin il futbol üzrə “Dəri top” mükafatı uğrunda Qorkidə keçirilən Ümumittifaq yarışında 2-ci yerə çıxmışdır. Ələddin Ələkbərov, Qürbət Məmmədov, Elsevər Əhmədli, Əli Məmmədov, Tofiq Hacıyev, Sahib Abdurrəhmanov, Nemət-Məmməd Mahmudov qardaşları, Yuri Romenski və Şaiq Həmidov böyük idmana hələ o vaxtdan gəlmişdilər. Millətlər içində millətinin idman şərəfini qorumaq kimi çox quruqlu milli şərəf missiyası gənc Şaiqin taleyinə hələ 50 il bundan əvvəl yazılmışdı. Həmin köhnə idmançılardan yalnız biri – Yuri Romenski SSRİ və dünya futbol arenasına çıxa bildi. Lazımi şərait yaradılsaydı, Mingəçevir idman məktəbində çoxsaylı romenskilər, hətta ondan da parlaq futbolçu, oğlan və qız voleybolçu, güləşçi və boksçu ulduzlar yetişərdi. Şaiq müəllim “Ulduz” komandasının hələ də bərq vuran ulduzlarındandır. 60-cı illərin 2-ci yarısında şaiqlərin sayəsində kiçik əyalət şəhəri Mingəçevir böyük Azərbaycanın idman paytaxtına çevrilmişdi, hətta SSRİ-nin respublikalarına, Moskva, Leninqrad, Kiyev kimi inkişaf etmiş nəhəng şəhərlərinə idman dərsi verib, meydan oxuyurdu. İndi Respublika Paralimpiya Komitəsinə, deməli, Azərbaycana gərək olan Şaiq Həmidov Mingəçevirin idman və ictimai şinelindən çıxmış və hazırda da tərəqqidə olan idmançı, rəhbər və vətəndaşdır.

Bu gün Mingəçevirdəki yaxınlarından kimsə zəng vurub ondan kömək istəsə, Şaiq müəllim işini-gücünü atıb həvəslə o adamın işi ilə məşğul olmağı özünə borc bilir. El misalı var: yurddan ayrılsan da, eldən ayrılma. Bəzən imkanlarından kənara çıxaraq mingəçevirlilərin ağrı-acısına, sevincinə şərik çıxır. Nəticədə, sevdiklərinin sevgisi onu tərəqqiyə aparır, zəfərlərin zirvəsinə daşıyaraq ucaldır. Onun üçün böyük Vətən kiçik Mingəçevirdən başlanır. Həyatdakı uğurlarının əksəriyyətinə görə Mingəçevirə borcludur.

İndi ömrünün 7-ci on illiyindən boylanan Şaiq Həmidov keçmişinə, xüsusilə, Mingəçevirlə bağlı olan həyatına baxanda qəlbən sevindiyi, ruhən dincəldiyi və daxilən fəxr etdiyi günlərin sayını hesablayıb qurtara bilmir. Mingəçevir onun üçün dünyanın ən müqəddəs yerlərindən biridir. Hər dəfə Mingəçevirə gələndə sanki ağır bir piri ziyarət edərək zəvvara çevrilir. Müqəddəs işıq ilahəsi Svet mingəsi, məkanı sandığı, Azərbaycanın günəşi hesab etdiyi, qədim- qaim, müasir-modern Mingəçevirə hər səfərindən sonra yenidən dirilib-durulur, silkinib-saflaşır, paklanıb-təmizlənir. Mingəçevirdəki bu müqəddəsliyi yaradanlardan biri elə onun özüdür.Bu kiçik şəhərdən çıxmış yüzlərlə sabiq vəzifəlilərdən fərqli olaraq, o, hər dəfə doğma Mingəçevirinə dönəndə bütün zümrələrdən olan yüzlərlə adamlar xüsusi səmimiyyət və hörmətlə, ehtina və ehtiramla ona yaxınlaşır, salamlaşır, hal-əhval tuturlar. Onların gözlərindəki məmnunluq nuru özlərini də, Şaiq müəllimi də, bu mənzərəni seyr edənləri də sevinc işığına qərq etmiş olurlar. Əlahəzrət oxucu lütfən özü söyləsin: qədirbilən üçün bundan qiymətli nəsə ola bilərmi? İnsana verilən ən böyük qiymət onun sayılması, hörmət görməsidir. Gərək kapital yalnız dollar, avtomaşın, mal-mülk formasındamı yığıla? Kapitalın xalq sevgisi adlı daha bir mənəvi növü də mövcuddur.

Enerjinin itməməsi qanuna görə, təbiətdə heç bir enerji itmir, məzmununu sabit saxlamaqla yalnız forma, zaman və məkanını dəyişir. Cəmiyyətdə də belədir. Həyatda heç nə qarşılıqsız olmur, kim nə eləyirsə, özünə eləmiş olur. Dahi Konfutsi demiş : başqasının xoşbəxtliyini arzulayan artıq öz xoşbəxtliyini təmin etmişdir. Həyatda da ədalətli bumeranq qanunu hökm sürür. Şaiq müəllimin hədəflədiyi fəzilətlər sanki bumeranq olaraq onun övladlarının, qardaş-bacılarının, qövmünün , elinin, həmyerlilərinin, həmmillətinin, nəhayət, xalqının və ona yaxın bəşər övladlarının qarşısına çıxır və çıxacaqdır.

Razılaşaq ki, hazırda bütün təbəqələrdən olan insanların zövqünə cavab verə bilən məmur tapmaq son dövrlər çox azalmaqdadır. Bir çox həmyerlilərimizin səmimi etiraflarına görə, Şaiq müəllim Mingəçevirdə az rast gəlinən, böyük məziyyətlərə malik, ağır sambala sahib, böyük həcmli tutuma qadir, universal, unikal ampluaya qabil şəxsiyyətlərimizdəndir. İnsanın ən böyük məziyyətlərinin biri onun sadə və səmimiliyi, təbii və təvazökarlığı, hörmət edə bilməyi, bağışlamağı bacarmaqdır. Bu baxımdan Şaiq müəllim öz insanlıq missiyasının layiqincə davam etdirə bilir.

İdman tədbirləri ilə əlaqədar tez-tez çoxlu xarici ölkələrə xidməti səfərlər edir. Hara getsə, işi nə qədər çox olsa belə, özü ilə kitablar, müxtəlif materiallar aparır. Ölkəmizin tanıdılması, Qarabağla bağlı böyük dərdimizin həlli yolunda intensiv təbliğat, təşviğat işləri aparır. Bu Vətənin havası, suyu və çörəyi ilə boy atıb firavan dolanan elə məddahlar var ki, heç belə işləri yadına salmır və ya təmənnasız etmir. Şaiq müəllim üçün isə Vətən – gur yanan böyük bir ocaqdır. O, hara getsə, bu ocağın kiçik bir odunu, balaca bir közünü, xırda bir qığılcımını, ən azı kül altında qalan zərrə boyda bir qorunu nitqində, ürəyinin başında və real əməllərində qoruyub saxlayır, daşıyır, yaşadır, alışdırıb yandırır. Deməli, Şaiq adlı Vətənə məşəl, daş ola bilən odər azərlərin şəxsində Azərbaycan yaşayır, yaşadılır və yaşayacaqdır.

O, Mingəçevirdə vaxtı ilə işləmiş insanları Bakıda vaxtaşırı başına yığır, kiçik Mingəçevir, böyük Bakı şəhərlərimizin, ümumiyyətlə, Vətənimizin uğurları və qayğıları ilə bağlı görüşlər təşkil edir, söhbətlər aparır. Deməli, bizim Şaiq müəllim həm də böyük bir təəssübkeş yurdsevərdir. Ellilərinə onun bəslədiyi kiçik təəssübkeşlik hissi güclü yurdsevərliyindən xəbər verir və böyük vətənpərvərliyinə gətirib çıxarıbdır. Axı təəssübkeş olmayan vətənpərvər ola bilərmi?

Vaxtı ilə Azərbaycanın inzibati ərazi vahidləri içərisində Bakı, Gəncə, Sumqayıt və Mingəçevir ən beynəlmiləl şəhərlər sayılırdı. Az qala, “bakılı” adlı yeni bir millət formalaşdırılmışdı. Doğrudan da, bakılı dedikdə fərdin milli mənsubiyyətinə varılmazdı. Bakıda qeyri-azəri millətlərin mənsubları aborigenlərə bərabər tutulardı. Eyni yanaşma bizim Mingəçevirdə də hökm sürürdü. Mingəçevirdə də milliyyətindən asılı olmayaraq, hamıya eyni münasibət bəslənərdi. Əslində, biz azərilərin cövhərinə hopmuş bu səciyyəvilik özünü kompakt şəhər yerlərində daha qabarıq büruzə verirdi. Müstəqillik dövründə Azərbaycandan çıxıb getmiş başqa millətlərin nümayəndələri içərisində gəncəli, sumqayıtlı, hətta bakılı yox, məhz mingəçevirli əcnəbilər hər 2-3 ildən-bir MDB-nin müxtəlif şəhərlərindən toplaşaraq mütəşəkkil forma və məzmunda avtomobil karvanları ilə yalnız Mingəçevir şəhərinə yürüş edərək ziyarətə gəlirlər. Onlar bu səyahətlərə öz övdlarını da qatırlar. Bütün səyahət rusca bəstələnmiş “Мингечаур” mahnısı ilə müşayət olunur. Bu, böyük ictimai hadisədir! Nəinki Azərbaycanda, hətta SSRİ coğrafiyasında, bəlkə də dünyada analoqu olmayan unikal bir insanlararası münasibət nümunəsidir, real bir tolerantlıq modelidir, əyani multikulturalizm etalonudur. Bu gün də Mingəçevir bütün dünyaya tolerant və multikultural örnək olan ölkəmizin bu sarıdan ən qabaqcıl bölgələrindən sayılır. Həmin əcnəbilər vaxtı ilə bu şəhərdə gördükləri təmiz insani atmosferin saf ictimai havasından bir daha ciyər dolusu nəfəs almaq üçün Mingəçevirə təkrar-təkrar dönürlər. Bu nadir, qızıl ictimai münasibət fondunu məhz Şaiq kimi insanlar yaratmışdır. Vaxtı ilə oyunçu, sonralar isə beynəlmiləçi mingəçevirli kimi tarix yazan Şaiq Həmidov bu gün idmançı rəhbər olaraq milli dərkin beynəlxalq tarixini yazır. Bir vaxtlar Mingəçevirdən başlanan tərəqqi yolu bu gün I Avropa oyunlarından sonra “Tərəqqi” medalı, sabah Rio-dan sonra bəlkə də başqa bir orden ilə yekunlaşacaqdır.

Şaiq müəllimi büsbütün tanımaq və onun insanlığına valeh olmaq üçün başqa cəhətləri bir yana, təkcə səmimiyyətinə vaqif olmaq kifayətdir. Bütün bu sezdiyim üstünlüklərlə o, hələ çox orden-medallara layiq görüləcək, daha yüksək mənsəblər fəth edəcək. Yeni fəthin mübarək olsun, Mingəçevir adlı ananın qarındaşı! Bu gedişlə sən hələ çox mübarəklərə imza atacaqsan. Bu, təkcə adi həvəsdən pöhrələnən arzu deyil, özünün bir vaxtlar yatardığın və nə zamansa özünə qayıdacaq potensial enerjindir. Səni yaşadan insan, millət və Vətən adlı enerji və zövq mənbələrin tükənməsin! Şaiq Həmidov üçün Azərbaycanı sevmək hələ azlıq edir, Vətənin namusunu hifz etmək, dövlətin adını qorumaq, bayrağını ucaltmaq, nüfuzunu artırmaq ali vəzifələrdəndir. Əsl vətəndaş olmaq üçün həm də dövlətçilik şüuru, faydalı iş tələb olunur. Millətin gücü fərdlərinin sayı ilə deyil, Vətənə şan-şöhrət gətirən, onun gücünə güc qatan mərdlərin sayı və sanbalı ilə ölçülür.

Mərd və tərəqqipərvər övladlarının “Tərəqqi”si mübarək olsun, Vətən!

Etibar Əhmədov

Mingəçevir şəhər sakini


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43