Ölkə futbolu

Azərbaycanlı futbolçular “Arsenal”da məşq edəcək

Futbol İdarəçiliyi Təlim Proqramı ilə əlaqədar İngiltərədə səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov Londonun “Arsenal” klubunun futbol məktəbinin meneceri Ross Metherellə görüşüb. Görüşdə AFFA və “Arsenal” klubunun Azərbaycanda uşaq futbolunun inkişafı ilə bağlı birgə fəaliyyətinin perspektivləri müzakirə olunub. İlkin olaraq razılıq əldə edilib ki, 2014-cü ilin yay aylarında Bakıda “Arsenal” klubunun Yay Futbol Məktəbinin toplanışı təşkil olunsun və AFFA-nın təşkil etdiyi liqalarda yüksək yerləri tutmuş komandaların üzvləri həmin təlim prosesində iştirak etsin. Toplanışda həmyaşıdlarından daha yaxşı göstəricilərə nail olmuş uşaqların Londona gedərək “Arsenal” klubunun bazasında hazırlıq keçməsi nəzərdə tutulub.

Xatırladaq ki, bu il AFFA və Bakcell şirkətinin birgə layihəsi əsasında Bakıda “Mançester Yunayted” klubunun Yay Futbol Məktəbinin toplanışı təşkil olunub və İngiltərədən gəlmiş məşqçilərin seçimi əsasında 6 uşaq Mançester şəhərinə gedərək “Mançester Yunayted” FK-nın Yay Futbol Məktəbində təlimlərdə iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43