Ölkə futbolu

Düzgün idarəçiliyin önəmi

Son illərin ən gərgin Premyer Liqası bütün sürəti ilə davam edir. Artıq sürpriz nəticələrin belə gözlənilən hala çevrilməsi çempionatda marağın artmasına və rəqabətin daha həyəcanlı olmasına səbəb olub. Yalnız gücləri, təcrübələri bərabər olan komandalar yox, bütün rəqiblər bir-birlərinə qarşı dirənc göstərə bilir. Aşkar favoritlərin austsayderlərlə oyunda bir neçə dəfə xal itirməsi buna misaldır.

Mövsümün sürpriz komandalarından biri də “Səbail”di. Son vaxtlar çox eşitdiyimiz yenilənmə prossesini tez və nisbətən sakit tamamlayan “dənizçilər” dərhal meydanın içinə köklənə bilib. İllərdir idarəetməsi ilə tənqid edilən, hətta bəzən var olma səbəbi belə qeyri-müəyyən olan klubun formalaşma cəhdləri pis alınmır. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv Premyer Liqada hazırda 14 xalla 3-cü pillədə qərarlaşıb. Ötən mövsümü son turda “Şamaxı”ya qalib gələrək elitada qalmağı bacaran Bakı təmsilçisinin bu çıxışı kifayət qədər uğurludur.

Düzdür, klub nəticə göstərmək üçün yetərli büdcəyə sahibdir. Ancaq imkanların geniş olması hər zaman sizi məsud etməz. Elə ötən mövsümkü tablo buna nümunədir. İşin kökündə idarəçilik – “iş və işçi” sisteminin düzgün oturması mütləqdir. Meydanın içi mübarizə gücünü də, qətiyyətini də, qorxusunu da “yuxarıdan” almalıdır. Nəticələr hər nə qədər ön planı çıxsa da, əslində zəncirin ilk halqası strategiya, sonuncusu meydanın içidir.

İçində olduğumuz sahə idarəçilik baxımından o qədər də ürəkaçan vəziyyətdə olmayıb. İllərdir Azərbaycan futbolu düzgün idarə olunmamağın cəzasını çəkir və hələ də çəkməkdədir. Təəssüf ki, bu sahədə yerləşdiyimiz coğrafiyada sonuncuyuq. Məkanı dəyişmək şansımız olmasa da, özümüzü dəyişə bilərik. O zaman mütləq effekti olacaq və nəticəni görəcəyik. Eynən yenilənmə prossesi pis alınmayan “Səbail” kimi.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43