Ölkə futbolu

“Kəpəz”in futbolçusu etiraf etdi: “Performansımızda düşüş yaşanır”

“Əslində hər şey normal gedirdi, 1:0 irəlidə idik. Qaçırdığımız penlati oyunun qırılma nöqtəsi oldu. Ancaq edəcək bir şey yoxdur, futbolda belə hallar olur. Dünya ulduzları da penaltini qaçırırlar. Qarşıda cavab görüşü var, hələ heç nə bitməyib”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in futbolçusu Yusif Nəbiyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə “Turan Tovuz”a məğlub olduqları (1:2) görüş barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Heç bir futbolçu və ya komanda uduzmaq istəmir. Ancaq bəzən komandaların eniş və yüksəliş dövrləri olur. Son 3 qarşılaşmanın ikinci hissələrində yaxşı təsir bağışlamırıq. Performansımızda düşüş yaşanır. Bunun da səbəbini baş məşqçi daha yaxşı bilir”.

25 yaşlı futbolçu heyətin çatışmamazlığı və “Kəpəz”in cari mövsüm “Turan Tovuz”a qarşı uğursuz seriyasından da söz açıb:

“Heyətlə bağlı baş məşqçi həmişə fikrini bildirir. Açığı, komandaya yeni nəfəs lazımdır. Ancaq hazırda heyətdə kimlər varsa, onlarla mübarizə aparmalıyıq.

“Turan Tovuz”la qarşıda 3 oyunumuz var. İkisi çempionat, biri isə kubok görüşüdür. İnanıram ki, qələbə olacaq. Açığı, mənim hələ ümidim ölməyib. Cavab görüşündə hələ şans var, heç nə bitməyib. Rəqib bizi evdə udursa, “Kəpəz” də onları Tovuzda məğlub edə bilər”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43