Kateqoriyasız

“Rəvan” bir sevginin badına gedir…

Cari mövsümün yekunlaşmasına cəmi bir tur qaldı. 

Son tur sadəcə autsaderlər – “Rəvan” və “Sumqayıt” üçün kritik sayılsa da, birincilərin səylərinə rəğmən “Sumqayıt” hansı yolla olur-olsun yüksək liqada qalacaq. Hərçənd bir neçə tur bundan öncə rəqəmlər  “Rəvan” lehinə idi. Amma AFFA başçısı Rövnəq Abdullayevin açıqlamasından 2 gün öncə və o çıxışdan bu yana “Sumqayıt” rəqibləri üçün “kabus”a dönüb. 

Daha doğrusu AFFA “Sumqayıt”la qarşılaşan rəqiblərə nə göstəriş verdisə, istər “Neftçi”si, istər “Qarabağ”ı gözlənilməz şəkildə “Sumqayıt”a boyun əydilər. 

Açığı bu tip qələbələr daha çox ola bilərdi. Sizə elə-belə gəlməsin, Abdullayevin o açıqlamasından bu yana “Sumqayıt” nə az, nə çox düz 12 xal toplayıb. Bu rəqəm daha böyük ola bilərdi. Ancaq bu qədər xal onların Premyer Liqada qalmasına bəs edir.

Abdullayevin açıqlamasından öncə “Sumqayıt” meydana çıxdığı 26 oyunda (yalnız çempionat matçları) cəmi 13 xal toplaya bilmişdi. Hər gələn rəqibə 3-4 top fərqi ilə uduzan komandanı çempionatda saxlama planı önə çəkilincə son 7 turda qazanılan xal sayı 11-ə çatdı. 

“Rəvan”la matçı nəzərə almasaq (1:1) 7 oyuna toplanan 11 xal aşağıda var-gəl edən komanda üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini görərsiz. 

Düzü, qurum rəhbərinin açıqlamasından sonra “Rəvan”ın çempionatda qalması inandırıcı deyildi. Baxmayaraq ki, “aslanlar” daxili çempionatı qərar dəyişməmişdən öncə kuboka qurban vermişdilər. Nəticəsi isə göz qabağında…

Onsuz “Rəvan” möcüzəvi şəkildə qələbələr qazanıb və çempionatdan düşmə təhlükəsini adalasaydı da, AFFA minbir bəhanə ilə “sarı-qırmızılılar”ı aşağıya yuvarlayacaqdı. Məhz bu üzdən “aslanlar”ın Premyer Liqadakı əsas rəqibi AFFA-dı. Onu yenmək lazımdı, digərlərini yox.

P.S.: AFFA “Sumqayıt”a olan sevgisi bir oğlanın aldatdığı qızı yenidən sevməsinə bənzəyir. Öncə “fırladıram”, daha sonra isə “anama gəlin ol” deyir.

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43