İdman

“Reynaldonu 3 milyon avroya buraxmadıq, Ndlovu necə getdi?” – Rəşad Sadıqov

“Komanda yoldaşlarımla bağlı açıqlama verməmişdim. 36 yaşımda buna məcbur olub etmişdim. Çünki kənarda söz-söhbətlər var idi. İstəməzdim desinlər ki, “Qurban Qurbanov və “Qarabağ” belə bir hücumçunu əlindən buraxdı”. O da pula görə getdi. Karyerasında ən qazanclı mövsümü keçirmişdi. Çempionlar Liqasının qrupuna düşmüşdük. Rəhbərlik də onun getməsinə və təklifə müsbət yanaşmırdı. Nə demişəmsə, arxasındayam sözümün. Komanda daxilində Dinonu yaxşı biri kimi tanıyırdıq. Hər zaman qaynayıb-qarışırdı. Ancaq təklif alandan sonra başqa cür oldu”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

CBC Sport kanalında III hissə verilişində qonaq olan Sadıqov bu mövzü ətrafında verdiyi növbəti açıqlamasında Dinonu ittiham edib:

“Bir çox futbolçular var ki, təkliflərdən sonra dəyişirlər. Əlbəttə, bizə də təkliflər olur. Ancaq danışmağın da müəyyən dərəcəsi var. Əgər səni buraxmırlarsa, qalmalı və formanın haqqını verməlisən. Necə oldu ki, Dino getdi? 750 min avro “Qarabağ” üçün böyük məbləğ deyil ki. Əgər 5-6 milyonluq təklif olsa, satıb 5-6 futbolçu almağa dəyər. Ancaq bu məbləğdə tapmaq çətindir. Reynaldonu vaxt olub ki, 3 milyon avroya buraxmamışıq. Biz Dinonu buraxmırdıq. Bəs necə oldu ki, getdi? Kim belə hücumçunu buraxmaq istəyirdi? Özü də qışda futbolçu tapmaq daha çətindir. Onun da fikirlərini başa düşürəm. İstəmir ki, burda haqqında başqa cür fikirləşsinlər. Ağıllı legioner hər zaman düşünür ki, yenidən bir gün həmin ölkəyə geri dönə bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43