Müsahibə

Ruslan Tağızadə: “Ayıbdı, onlara yaraşdırmadım”

Azərbaycan 1-ci divizionunun 24-cü turuda “Zaqatala” doğma meydanda “Səbail”lə 1:1 hesablı bərabərlik əldə edib.

Matçdan sonra “Səbail”in futbolçusu Ruslan Tağızadə idmanxeber.com-un əməkdaşının da suallarını cavablandırıb:

– Zədələnərək meydanı tərk etdin. Oyun haqqında fikirlərini bildirərdin…

– Oyunun ilk dəqiqələrindən “Zaqatala” çox pressinq edirdi. Biz də çalışdıq ki, bu durumdan çıxaq, amma alınmadı. Zədə aldım. Adi bir epizodda ayağımdan zədələndim. Komandamız ilk hissədə yaxşı təsir bağışlamasa da, ikinci yarıda çox gözəl oynadılar. Ən azından 1 xal qazana bildik, bu, bizim üçün önəmli xallardan biridir. İkinci yer uğrunda mübarizə gedir. Bir neçə komanda ikinci yer uğrunda mübarizə aparırlar, biz də həmin komandalardan biriyik. Hazırda üstünlük bizdədir. Çünki ikinci yerdəyik və bu oyunda da xal qazandıq. Məncə, “Zaqatala”nın 2-ci yeri tutmaq şansı bitdi. İkinci yer uğrunda “Ağsu”, “Qaradağ-Lökbatan” və biz mübarizə aparacağıq.

– Zədənin durumu nə yerdədir?

– Bilmirəm, həkim baxacaq. Bakıya gedəndən sonra hər şey bəlli olacaq.

– Artıq I Divizionda mövsüm başa çatır. Yenidən Premyer Liqa klublarından birinə qayıtmaq ehtimalın var?

– Bundan əvvəl də bir neçə dəfə müsahibəmdə demişəm ki, bir-iki futbolçunu çıxmaq şərtilə, Premyer Liqadakı futbolçulardan elə də zəif deyiləm. Onlardan daha yaxşı çıxış göstərərəm. Qismət… Mənim başıma gələni heç bir futbolçuya arzulamaram. Öz səhvlərim uzbatından I Diviziona düşdüm.  İnşallah, o səhvləri bir daha etmərəm.  

– Premyer Liqaya “Səbail”lə çıxmaq variantın necədir?

– İnşallah, Premyer Liqaya yüksəlmək istəyirik. Elitaya vəsiqə qazanaq və elə “Səbail”də də qalım…

– İlk hissədə azarkeşlərlə aranda gərginlik yarandı. Deyəsən, söz atırdılar…

– Həqiqətən də, azarkeşlər çox hörmətsizlik etdilər. Çünki “Zaqatala”da 6 ay oynamışam. Yaxşı oyunlarım olub və mən gedəndə də komanda pis deyildi. Sadəcə olaraq, belə etməməli idilər. Mən kefimdən elə etmirdim. Ayağım zədələndiyi üçün meydandan yavaş-yavaş çıxırdım. Kənardan xoşagəlməz sözlər dedilər. Ayıbdır, onlara yaraşdırmadım. Belələrinə də azarkeş demirəm. Bilirsən ki, ayağım ağrıyır, artistilik etmirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43