Kateqoriyasız

Sergey Zenyov: “Özüm qol vurmasam da, oyunumdan razı qaldım”

“Sumqayıt”la oyun ağır oldu. Bu qarşılaşmada nəticə vacib idi. 3 xal qazanmaqla bunun öhdəsindən gəldik. Çünki qalib gəlməli idik və başqa heç bir nəticə bizi qane etmirdi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Sergey Zenyov  Azərbaycan Premyer Liqasının 21-ci turunda “Sumqayıt”a 1:0  hesabı ilə qalib gəldikləri matçdan sonra klubun saytına deyib.

O, bildirib ki, belə sıx müdafiə olunan komandaya qarşı oynamaq xüsusilə çətin olur:

“Çünki möhkəm müdafiə səddini yarmalı olursan. Sevinirəm ki, bunu bacarıb 3 xal əldə etdik. Təbii ki, matçdan əvvəl rəqibin necə oynayacağını təsəvvürümüzə gətirib, matçın axarını təxminən bilirik. Qarşılaşmalara da buna uyğun hazırlaşırıq. Bu, “Sumqayıt”la da ilk oyunumuz olmadığından necə mübarizə aparacağımız öncədən bəlli idi”.

Matçın ən yaxşılarından olan hücumçu öz oyununu dəyərləndirib, həmçinin növbəti turun “Rəvan”la görüşü haqda fikirlərini bildirib:

“Özüm qol vurmasam da, oyunumdan razı qaldım. Hər halda, məhsuldar ötürmə verməyim sevindiricidir. Qol imkanlarımız daha çox oldu. Amma təəssüf ki, istifadə edə bilmədik. Daha çox fərqlənməyimiz mümkün idi. Lakin əsas odur ki, lazım olan nəticəni əldə edib, qalib gəldik. Növbəti oyundakı rəqibimiz “Rəvan” da elə komandadır ki, əsasən müdafiə olunur. Həmin görüşdə də böyük, çətin səddi yarmalıyıq. Ümid edirəm ki, həmin oyunda bunun öhdəsindən daha yaxşı gəlib, daha çox qol vuracağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43