26 İyul 2026
Ölkə futbolu

Əhmədov nə istəyir?

“Zirə” ilə oyunun ardından Tərlan Əhmədov yenə gündəmi alt-üst edib. Klubun problemlərindən şikayətlənib, hər şeyi açıb-danışıb. Haqlıdır. Dediyi şeylər peşəkar komandada olmamalıdır. “Kəpəz” kimi klubu bu vəziyyətdə görmək heç kimə xoş deyil.

Ancaq məsələ burasındadır ki, Əhmədov komandaya yeni gəlməyib. Artıq 6 aydır ki, “Kəpəz”dədir. İsti suyun gəlməməsini, vitaminli yeməyin olmamasını qəfil yada salması qəribədir. Üstəlik, “Kəpəz” avrokuboklar iddiası olan “Zirə” ilə oyundan xalla ayrılıb. Komandası qələbəni əldən versə də, bir xal da pis nəticə sayılmır.

Ən əsası klubda sular durulmaq üzrədir, artıq istefaya çağıran yox və “Kəpəz” sonuncu deyil. Bəs, problem nədir? Əhmədov sanki bütün enerjisini işinə ayırmaq istəmir. O, Gəncədə bu qədər söz-söhbət, problem içərisində çalışsa da, yenə də dayanmır. Halbuki mətbuat konfranslarının birində “artıq öz işimlə məşğul olacam” demişdi. Düzdür, həmin vaxtlar üzərinə çox gəlinirdi, tribunada təpkilər var idi, “yalnız adam” kimi görünürdü. İndi isə işlər nisbətən düzəlib.

Nə olub axı? Rahatlıq mane olur? Əhmədovun inanclı biri olduğunu bilməyən yoxdu. Dindar adamlar adətən belə məqamlarda “Allaha şükür elə” deyirlər. Yerinə düşən kəlamdı.

“Kəpəz”in artıq yeni söz-söhbətlərə, gülünc problemlərə dözəcək gücü yoxdur. Az-maz enerjini meydana sərf etmək lazımdır. Qələbə qazanılan “Şamaxı” və “Sumqayıt” oyunlarında da vitaminli yemək, isti su problemləri olub. Bütün mövsüm belə keçib. Hamımız düzəlməyini istəyirik, gec-tez də düzələcək. Bildiyimiz qədəri ilə hər iki oyundan sonra yaxşı mükafat da verilib. Rəhbərliyin klubu yaşatmaq, irəli aparmaq cəhdi açıq sezilir.

Tərlan Əhmədov klubun infrastruktur, baza, stadion kimi problemlərini qabartsın, bunları başa düşmək olar. Ancaq kiçik şeylər üzərindən getməsi, daha çox gündəmə işləməsi səmimi görünmür, fərqli niyyət kimi oxunur. Özü də qeyd edir ki, Gəncə klubuna gələndə ona “Kəpəz”də vəziyyətin yaxşı olmadığı bildirilib. Amma cəsarətlə yükün altına girib, qaçmadığını söyləyir. Bəs, indi nə dəyişib? Əgər hər şeyi bilə-bilə Gəncəyə işləməyə gəlibsinizsə, indi kimi hədəf alırsınız? Ehtiyac yoxdu belə şeylərə.

“Kəpəz”də su, yemək, maaş problemi olsaydı, çətin indiyə qədər qalardınız. İmkan verməyin ki, hissləriniz əməyinizin, işinizin önünə keçsin. Bu “Kəpəz”i belə bir vəziyyətdə liqada saxlamaq özü qəhrəmanlıqdır. Və bunu hazırda bacaracaq yeganə adam da elə Tərlan Əhmədovdur. Onu işinə heç kimin şübhəsi yoxdur. Əlavə olaraq “görsənməyə” çalışmaq hədəfdən yayınmaqdır. Əhmədov qarşısına qoyulan hədəfin öhdəsindən gələcək adamdır, bunu bacaraq. Amma özü demiş, öz işi ilə məşğul olsa…

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43