Ardıcıl “4”lə gələn “9”
Son 3 mövsümdə də finala yüksələn paytaxt təmsilçisi Azərbaycan Kuboku tarixində ardıcıl 4 dəfə finalda oynayan ilk klub olub. Ümumilikdə 9-cu dəfə həlledici oyunda meydana çıxacaq bakılılar bu göstəricidə də rekordunu yeniləyib. “Neftçi” 1994/95, 1995/96, 1998/99, 2003/04, 2012/13, 2013/14 mövsümlərində kuboku qazanıb, 2000/01, 2011/12 mövsümlərində isə həlledici görüşdə məğlub olub.
4-cü dəfə
“Neftçi” ilə “Qarabağ” 19 il əvvəl də finalda üz-üzə gəlib. 1995/96 mövsümündə Yunis Hüseynovun 2, Vidadi Rzayevin 1 qol vurması bakılılara böyükhesablı qələbə qazandırmışdı – 3:0. Həmin matçda finallar tarixində yeganə böyükhesablı nəticə qeydə alınmışdı.
3-cü baş məşqçi
19 il əvvəlki finalda “Neftçi”nin “Qarabağ” üzərindəki qələbəsində futbolçu kimi pay sahibi olan Arif Əsədov bu dəfə baş məşqçi kimi eyni rəqiblə üz-üzə gələcək. O, Yunis Hüseynov və Qurban Qurbanovdan sonra həm futbolçu, həm baş məşqçi kimi final həyəcanı yaşayan 3-cü mütəxəssis olacaq. Yenidən “Qarabağ”la həlledici matçın iştirakçısı olacaq Qurbanov hər iki “amplua”da kuboka yiyələnibsə, Hüseynov məşqçi kimi finalda büdrəyib.

