“Neftçi” PFK müdafiəçisi Kirilo Petrov klubun rəsmi saytına müsahibə verib.
İdmanxeber.az- məlumatına görə, Topaz Premyer Liqasının 3-cü turunda keçiriləcək “Qarabağ” “Neftçi” oyunu ilə də bağlı sualları cavablayan ukryanalı futbolçu şansların bərabər olduğunu bildirib:
– Kirilo, təsadüfi deyil ki, biz səninlə Ukrayna Müstəqillik Günündə söhbətləşirik. Bayramın mübarək!
– Çox sağ olun! Mən də öz növbəmdə sizi və bütün Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edirəm.
– Bayram günləri olsa belə, komandamız fasilə vermədən “Qarabağ”la oyuna hazırlaşır. Bu qarşılaşmadan nə gözləyirsən?
– Məncə, çox baxımlı və maraqlı oyun olacaq. Azarkeşlər razı qalacaq.
– İndiki “Qarabağ” keçən mövsümdəki “Qarabağ”dan çox fərqlidir?
– Bəzi futbolçular “Qarabağ”ı tərk etsə də, oyun üslubu dəyişməyib. Güclü məşqçiləri var, heyət də əladır. Dünən onların “Şerif”lə oyunlarına baxdım. Moldovalılar intizamlı oynayıb, qələbə qazandılar. Amma bu o demək deyil ki, bizə daha asan və ya daha çətin olacaq.
– Oyunun favoriti kimdir?
– Bu görüşün favoriti yoxdur. Hər iki komanda meydana 3 xal üçün çıxacaq. Şanslar da bərabərdir.
– Müdafiənin mərkəzində siz daha çox Ruslan Abışovla oynayırsız. Amma kapitan zədəli olduğu üçün “Qəbələ” ilə oyunda bu zonanı Anton Krivotsyukla bölürdüz.
– Əvvəla, Ruslana tezliklə sağalıb, meydana qayltmağı arzulayıram. İkincisi, yaxşı ki, komandamızda Ruslanı əvəzləyə bilən futbolçular var. Düzdür, qiymətləndirmək biz futbolçuların yox, azarkeşlərin və mütəxəssislərin işidir, amma, məncə, “Qəbələ” ilə oyunda Antonla öz vəzifələrimizi yaxşı yerinə yetirdik.