25 Dekabr 2024
Kateqoriyasız

Bordin futbolçularını qınadı: “…çatdıra bilmədim ki, daha ürəklə döyüşsünlər”

“Oyun istədiyimiz kimi alınmadı. Rəqib bütövlükdə yenə müdafiə olundu. Əlbəttə, bugünkü məğlubiyyətdə özümü günahlandırıram. Məncə, komandama nəyisə çatdıra bilmədim ki, daha ürəklə döyüşsünlər”.

Bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin İsraildə “Bney Yehuda”ya 1:2 hesabı ilə uduzduqları  Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, çatışmayan cəhətləri dəyişmək lazımdır: “Oyunçulara tapşırmışdım ki, səbrli olsunlar. Buna rəğmən, qapımızdan erkən qol buraxdıq. Sonradan isə anlaşılmazlıqdan daha bir qol buraxdıq. Çalışırdıq ki, oyun istədiyimiz kimi getsin. Amma rəqib müdafiə olunur, boşluqlar buraxmırdı. Biz isə uzun ötürmələrdən yararlanmağa çalışırdıq. Amma bu, alınmadı. Artıq Premyer Liqa start götürür. Bəzi dəyişikliklər etmək lazımdır”.

Bordin komandasında hücumlar zamanı panika yaşamaları fikri ilə razılaşmayıb: “Qol buraxan komandanın dönüş yaratmaq istəyi normaldır. Biz də buna çalışırdıq. Mərhələ keçməmək üzücüdür. Buna çox inamım var idi. Çalışmalıyıq ki, özümüzü motivasiya edək və çempionata yaxşı başlayaq”.

Baş məşqçi ilk matçla müqayisədə rəqbin daha dərindən müdafiə olunduğunu bildirib. O, Vangelis Platellas və Rəhman Hacıyevi cinahlardan asmalar etdiyi üçün irəli buraxdığını söyləyib (Report).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43