12 İyul 2026
Milli komanda Ölkə futbolu

“Estoniya ilə oyunda hesab 2:0, 3:0 ola bilərdi” – millimizin futbolçusu

Azərbaycan millisinin üzvü Qismət Alıyevin idmanxeber.az saytına müsahibəsi

-Estoniya ilə oyunda hər kəs qələbə gözləyirdi…

Oyuna çox yaxşı hazırlaşmışdıq. Sırf qələbə barədə düşünürdük. Komanda çox əla motivasiya olmuşdu. Rəqibin oyununu analiz edəndə gördük ki, inkişaf edən bir komandadır. Görüş istədiyimiz kimi başlamadı. Hesabda önə keçdirlər, daha sonra yaxşı imkanları oldu. Hesab bəlkə də 2:0, 3:0 ola bilərdi. İkinci hissə isə tamam fərqli keçdi. Hesabı bərabərləşdirdik, qələbə də qazana bilərdik. Ancaq imkanlardan yaxşı istfadə edə bilmədik. 

-Səncə, Azərbaycan oyunun favoriti idi?

Deməzdim ki, hansısa tərəf favorit idi. Oyunun gedişində də hiss olundu ki, ilk hissə onlar, ikinci yarı isə biz üstün olduq. Qarşıda Estoniya ilə daha bir oyunumuz var. Bakıdakı matçda onları tanıdıq. Çalışacağıq ki, ikinci oyunda rəqibi məğlub edək. 

-Oyuna bu qədər pis başlamağımızın səbəbi nə idi?

İstədiyimiz kimi hücumlar edə bilmədik. Heç cür oyunumuz alınmadı. Fasilədə Canni De Byazi “Çıxın öz oyununuzu oynayın. Hər şey yaxşı olacaq” dedi. Sadəcə, bunu etmək lazım idi. Biz də ikinci hissə Estoniyadan üstün oynadıq. Qol da vurduq, yüz faizlik şanslarmız da oldu. Təəssüf ki, alınmadı. Qələbə qazanmağa hamıdan çox biz istəyirik. 

-Bu nəticədən sonra azarkeşlər xeyli təpki göstərdilər milliyə…

-Onları da başa düşürəm. Azarkeşlər də bilir ki, Estoniya bizdən güclü ölkə deyil, bu oyunda qalib gəlməliyik. Qələbə gözləyirdilər. Düzdü, qalibiyyət olmadı, amma ən azından hesabı 1:1 etdik. Sağ olsunlar, bizi heç vaxt tək qoymurlar. Onların hisslərini yaxşı başa düşürük. Biz də istəyirik ki, qələbə ilə bütün xalqımızı sevindirək.  Çalışacağıq ki, qarşıdakı oyunlarda qələbə qazanaq. Çalışıb bundan sonrakı oyunlarda onların üzünü güldürməliyik.

-Artıq üç oyun geridə qalsa da, cəmi bir xalımız var. Qrupdan çıxmaq şanslarımız demək olar ki, bitib. Bu, qarşıdakı oyunlarda motivasiya baxımından komandaya necə təsir edəcək?

-Qrupda bütün komandalar reytinq cəhətdən bizdən çox öndədir. Estoniya isə bizlə eyni səviyyədə rəqibdir. Belə oyunlarda azarkeşləri daha yaxşı başa düşmək olur. Ancaq qarşıdakı matçlarda bunu bəhanə edə bilmərik. Çalışıb var gücümüzlə mübarizə aparmalıyıq, xallar qazanmalıyıq. Qalan oyunlara daha yaxşı motivasiya olmalıyıq. Milli forma özü elə komandaya güc verir. Əlavə nəyəsə ehtiyac yoxdur. 

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43