“Neftçi”nin Müşahidə Şurasının qərarı ilə əsas komandanın baş məşqçisi Laurentsiu Regekampf, köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.
İdmanxeber.az-ın məlumatına görə, klub məşqçilər heyətinə göstərdikləri xidmətə görə təşəkkür edib, gələcək işlərində uğurlar arzulayıb. Yeni baş məşqçi haqqında ictimaiyyətə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, 2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf 2022/23 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub.
“Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.

