Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın UEFA Çempionlar Liqasının I raundunda Cəbəllütariq komandası “Linkoln”u hər iki görüşdə məğlub etməsi irəliləməsinə səbəb olub. 4 pilləlik sıçrayışa nail olan Qurban Qurbanovun yetirmələri 24.500 xalla 61-ci yerə yüksəliblər.
“Qarabağ” reytinqdə “Monako” (Fransa) və “Fənərbağça” (Türkiyə) kimi klubları geridə qoyub.
Ağdam təmsilçisinin ardından ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 9.500 xalı olan “ağ-qaralar” 5 komanda ilə birlikdə 137-ci pilləni bölüşür. Adrian Mutunun kollektivində 2 pilləlik geriləmə müşahidə edilib.
“Qəbələ” də reytinqdə geriləyib. “Qırmızı-qaralar” 4.500 xalla 265-cidir. Azərbaycan çempionatının digər iştirakçıları “Sabah”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və “Səbail” hərəyə 1.500 reytinq xalı ilə 343-cü yeri bölüşdürürlər.
“Turan Tovuz”, “Kəpəz” və yenidən elitaya qayıdan “Araz-Naxçıvan” 424 klub sırasına düşməyiblər.
UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (124.000) başçılıq edir.

