“Çox oyunçu bizi tərk etdi. Amma bu, futboldur. Buna hazır olmaq lazımdır. Hər komandanın başına gələ bilər. Keçmişlə yaşamaq istəmirik. Komanda yenilənib. 4 yoxlama matçı keçirdik. Oyundan-oyuna komanda istədiyimi mənə verməyə çalışır. İnanıram ki, keçən ilkindən daha yaxşı və iddialı olacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Omoniya” oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– “Omoniya”nın müsbət və mənfi cəhətləri hansılardır?
– Rəqib yaxşı təşkilatlanmış komandadır. Daha çox öz oyunumuz məni düşündürür. İnanıram ki, komandam ən yaxşısını edib nəticə əldə edəcək.
– Ötən mövsüm “Qəbələ” daha çox hücuma alüdə olurdu ki, bəzən müdafiə yaddan çıxırdı. Qeyd etdiniz ki, güclənmişik. Hücumda, yoxsa müdafiədə daha yaxşı olacaqsız?
– Ümumi istəyimiz odur ki, daim hücumda olaq. Amma müdafiəsiz hücum olmur. Hər iki aspektdə daha yaxşı olmalıyıq ki, sabah uğurlu nəticə qazanaq.
– “Qəbələ”də ölkə kubokunu qazanıb, “Omoniya”da. Hansı kubok daha ağırdır?
– Bizim üçün bizim kubok, onlar üçün özlərinki. Amma mən kubokla dəyərləndirmirəm. Komanda ötən mövsüm yaxşı oyun göstərdi.
– Yeni komandasız. Futbolçular arasında anlaşma hansı fazadadır?
– Funksional olaraq komanda hazırdır. Hər məşqdə yeniliyi hiss edirik. Məşqdən-məşqə futbolçular özünəinamlı olur. Yeni olsaq da, iddiamız var. Daha yaxşı “Qəbələ” görəcəyik.
– “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk Tbilisi “Dinamo”su ilə matçdan əvvəl demişdi ki, məni 5:0 hesabı qane edəcək. Bəs sabah sizi hansı hesab qane dər?
– Qriqorçuk hörmət bəslədiyim məşqçidir. “Qəbələ”də çox böyük işlər görüb. Amma məni düşündürəm daha çox oyun keyfiyyətidir. Futbolda udmaq da olar, uduzmaq da. Komanda öz simasını qorumalıdır. İstədiyimi meydanda görmək istəyirəm. Bunu görəndən sonra nəticələr də olacaq.