27 Noyabr 2024
Ölkə futbolu

Riqa qələbəsində görünən problemlər – QEYD

“Sabah”ın RFŞ-lə görüşdə ən üstün tərəfi komandanın dinamikası idi. Murad Musayevin oyun üslubuna Premyer Liqadan bələd olsaq da, avrokuboklarda da bunu görmək ümidvericidir. Nəzərə alaq ki, paytaxt klubu mövsümün ilk oyununa çıxmışdı. Üstəlik, səfərdə və çempionatı davam edən bir komandaya qarşı. Təmsilçimizin səfər qələbəsi qətiyyən RFŞ-in zəif olduğunu göstərmir. Əslində Latviya klubu heç də aşağı səviyyəli oyun sərgiləmədi. Kifayyət qədər imkanları da oldu, üstünlüyü ələ aldıqları vaxtlar da. Rəqib demək olar ki, standart vəziyyətlərin aşağı-yuxarı hamısında təhlükə yaratmağı bacardı. Ancaq “Sabah” istəkli və mübarizə xarakterli oyunla nəticəni aldı.

Sərfəli nəticə problemlərin üstünü örtməməlidir. Müdafiə xətti çox “zərif”dir. Hər hücum, hər hava topu rəqibdə olmamalıdır. “Sabah”ın mərkəzdə və ön xəttəki aqressivliyi müdafiədə hiss olunmur. Ümumiyyətlə, komandada bəzən sürətli oynamaq cəhdi tələskənliklə sona çatır. Ötürmə seçimlərində belə sadə səhvlər görülür. Hansı ki, üzərinizə gələn rəqibə qarşı bu imkanlar çox vacibdir. Hələlik bu problemləri mövsümün ilk oyununa və avrokuboklardakı təcrübəsizliyə bağlamaq olar.

Oyunçuların bu görüşdəki istəyi, komandanın ümumi əzmkarlığı təqdirəlayiqdir. Müəyyən çatışmazlıqların olmasına rəğmən, səfərdə qələbə qazanmaq yalnız yaxşı nəticə deyil, həm də ümiddir. Musayevin kənardakı aqresiyasını komandaya aşılaması yaxşıdır, ancaq bu, panikaya keçməməlidi. Daha təmkinli, mübariz və sürətli bir oyun formalaşmalıdı. “Sabah”da bunu yaradacaq baş məşqçi və onları həyata keçirəcək səviyyədə heyyət var. Əgər toxunuşların vacibliyinin tez bir zamanda fərqinə varılsa, komanda ilk avrokubok ilində belə ciddi nəticələr qazana bilər.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43