“Səbail”in futbolçusu Adi Mehremiçin idmanxeber.az saytına müsahibəsi
-“Zirə” ilə matçda məğlub oldunuz. Səbəb nə idi?
Bəli, bu matçı uduzduq. Lakin pis oyun oynadığımızı düşünmürəm. Bir səhvə görə məğlub olduq, ikinci hissədə meydanda daha yaxşı komanda oyunu sərgilədiyimizi düşünürəm. Son 15 dəqiqədə qalib gəlmək üçün çox sayda imkanımız oldu, amma təəssüf ki, uduzduq.
-“Səbail” üç görüşdən cəmi bir xal qazanıb. Belə başlanğıc gözlənilən idi?
Başlanğıc istədiyimiz kimi deyil, amma bu futboldur. Mövsüm uzundur, marafondur, sprint deyil. Daha çox oyunumuz var, mütləq qələbə qazanmağa başlayacağıq. Mən bu kluba, heyətə və komandaya inanıram.
-Komandanın yeni oyunçularında sanki adaptasiya problemi yaşanır. Bu nə qədər davam edəcək?
Düşünürəm ki, 90 faiz yeni oyunçulardan ibarət komandamız var, bəzi futbolçuların adaptasiya üçün daha çox vaxta ehtiyacı olması normaldır. Milli komandanın oyunları ilə bağlı yaranan fasilədən sonra daha yaxşı görünəcəyik.
-Ümumiyyətlə, heyət səviyyəsi barədə nə düşünürsünüz? Rəqiblərdən geri qalır?
Mən bu faktı bilirəm, amma dediyim kimi kluba, heyətə və komandaya inanıram.
-“Səbail” ötən mövsüm son turda Premyer Liqada qaldı. Maraqlıdır, bu mövsüm hədəf nədir? Yenə elitada qalmaq?
Başlanğıcda “Neftçi” və “Zirə” kimi çətin rəqiblərə qarşı oyunlarımız oldu. Düzünü desəm, bəzi fərdi səhvləri nəzərə almasaq, yaxşı oyun göstərdik. Normalda “Neftçi”yə qalib gələrdik, “Zirə”dən minimum 1 xal alardıq. Bizim isə 4-5 xalımız olardı və heç kim haqqımızda mənfi reaksiya bildirməzdi. Çalışıb yüksək pillələr üçün mübarizə aparacağıq.
-Qarşıda “Turan Tovuz”la çətin səfər oyunu var. Bir xalı yaxşı nəticə saymaq olar?
Biz hər oyuna eyni baxırıq və meydana 3 xal qazanmaq üçün çıxırıq. “Neftçi”yə qarşı yaxşı çıxış etdik, “Zirə” ilə oyunda da bunu göstərə bildik. Zamanla daha çox diqqət və çox iradə ilə uğurlu nəticə qazana bilərik.
Həsən Quluzadə

