“Sabah” sabiq futbolçusu Coy-Lens Mikelsin son açıqlaması ilə bağlı bəyanat yayıb.
İdmanxeber.az xəbər verir ki, bu ay “Sabah”dan ayrılıb, Səudiyyə Ərəbistanı “Əl Faysal”ına keçən oyunçu ilə bağlı bildirilib:
“Qısa müddət öncəyə kimi “Sabah” ailəsinin bir parçası olan, yenicə klubdan ayrılmış Coy-Lens Mikelsin klubumuzun ünvanına bildirdiyi fikirlər bizi çox təəssüfləndirdi. Bu günə kimi həm futbolçunun şəxsi imicini, həm də azarkeşlərin ona olan böyük sevgisini nəzərə alaraq Mikelsin “Sabah”dan ayrılma prosesi, bu proses zamanı müqavilə öhdəliklərini pozması barədə heç bir açıqlama verməmişik. Ancaq futbolçunun sosial şəbəkə hesabında klubumuzun əleyhinə bildirdiyi fikirlər bizi bəzi məsələlər barədə açıqlama verməyə sövq edir.
Mikels açıqlamasında stadiondan şəkillərinin götürülməsini də iddia edib. Qeyd edək ki, əslində hər bir klub ayrılmış futbolçusunun şəklini reklam bannerlərindən çıxarmaq hüququna malikdir və bu dünyanın heç bir yerində həmin oyunçuya qarşı hörmətsizlik kimi qəbul edilmir. Lakin Mikelsin iddialarının əksinə olaraq, hazırda onun posterləri stadionun ən çox azarkeş cəmləşən hissələrində qalmaqdadır və oyunlarımıza gələn tamaşaçılar da çox güman bunun şahidi olublar.
Futbolçu özü də qeyd etdiyi kimi karyerasının ən uğurlu dövrünü məhz “Sabah”da keçirmişdir. Klub olaraq onun karyerasına müsbət mənada öz töhfəmizi verməkdən, daha yaxşı şərtlərlə karyerasını davam etdirməsinə vasitəçi olmaqdan şadıq. Lakin onu da qeyd etməliyik ki, futbolçu öz maddi rifahını yaxşılaşdırmaq üçün yeni təklifləri dəyərləndirərkən klubla olan müqavilə öhdəliklərinə də hörmətlə yanaşmalı, burada qeyd olunan müddəalar əsasında hərəkət etməlidir. Mikels isə müqaviləsinin öhdəliklərini yerinə yetirməmişdir.
Bütün bunlara rəğmən, Mikelsə xidmətlərinə görə təşəkkür edir, ona yeni klubunda uğurlar arzu edirik!
Bizim üçün “Sabah” FK-nın mənafeyi hər şeydən üstündür və heç kim klubun maraqlarından öndə ola bilməz.
Bu bəyanatla qeyd edilən mövzuda mövqeyimizi tam əks etdirdiyimizi düşünür və gələcəkdə bu istiqamətdə hər hansı paylaşım olmayacağını əvvəlcədən qeyd etmək istərdik”.

