12 İyul 2026
Ölkə futbolu

“Rakov” və HİK oyunları göstərdi ki, “Qarabağ” əvvəlki dinamikasından uzaqdır”

“Rakov” və HİK oyunları göstərdi ki, “Qarabağ” əvvəlki dinamikasından uzaqdır. Ötən mövsümlərdə komandanın sürəti ilə indiki arasında çox fərq var. Bunun səbəbi də “Qarabağ”ın daxili çempionatda və avrokuboklarda fərqli heyətlə çıxış etməsidir. Belə olanda komandanın əvvəlki dinamikasını yaxalaması uzun müddət tələb edir”.

Bu sözləri idmanxeber.az saytına azərbaycanlı məşqçi Adil Şükürov Ağdam təmsilçisinin UEFA Avropa Liqası pley-off mərhələsində keçirəcəyi “Olimpiya” (Sloveniya) görüşü barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

Təbii ki, Avropa Liqasındakı tək təmsilçimizdən turnirin qrup mərhələsinə qalmasını gözləyirik. Bu səviyyədə çıxış edən komandalardan daima uğur tələb edilir. Asan olmadığını deməyə ehtiyac yoxdur. Müxtəlik çətinliklər hər zaman var. Məsələn, yeni gələn oyunçular komandaya adaptasiya olmalıdır. Transfer edilən futbolçuların mövqeləri çox önəmlidir. Xüsusən də sağ cinahı qeyd etmək istəyirəm. Məncə, Mateus Silva üçün mübarizə aparmaq çətin olacaq. Çünki Veşoviç uzun müddətdir “Qarabağ”ın əsas oyunçularından biridir. O, müdafiədə, hücumların qurulmasında Maksim Medevedev sonra lider olmuşdu. Bununla yanaşı, yeni qapıçı Andrey Lunyovun da oyun praktikasının azlığı birbaşa əsas heyətdə çıxış etməsinə sual yaradır. Rusiyalının belə problemi var, Şahruddinin isə çoxsaylı səhvləri. Açığı, Avropa Liqası pley-off mərhələsi öncəsi çətin bir durumdur. Qərar verməkdə məşqçilər heyətinin işi asan olmayacaq. Mənə görə, komandaya yaxşı bir pleymeker də lazımdır. Çünki oyunlara baxanda “Qarabağ”ın hücum xəttindən qayıdan topları götürən və cərimə meydançasında forvardlardan başqa təhlükə yaradacaq oyunçuya da ehtiyacı var”.

Şükürov Sloveniyadakı ilk matçda turun taleyinin həll olunacağını düşünmür. O, Bakıda qarşılaşmanın önəminə də toxunub:

“Komandalar ilk oyunda ehtiyatlı davaranacaq. Düşünmürəm ki, ilk matçda iki tərəf bütün gücünü göstərsin. Bir-birlərini tanımağa çalışacaqlar. Ancaq istənilən halda, təmsilçimiz Avropa Liqasında qalmalı və yoluna burada davam etməlidir. Məncə, Qurban Qurbanov bunu necə edəcəyini bilir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43