12 İyul 2026
İdman

“Bir daha sübut etdik ki, biz ermənilərdən həmişə güclü olmuşuq”

“Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Avropa çempionu olmağım mənim üçün böyük fəxrdir”

Bu sözləri İdmanxeber.az saytına cüdo üzrə gənclər arasında keçirilən Avropa çempionatının qalibi olmuş Nizami İmranov deyib. Niderlandın Haaqa şəhərində təşkil olunan turnirdə qızıl medal qazanan idmançımız bu nəticənin özü üçün sürpriz olmadığını bildirib:

“Çempion olacağımı gözləyirdim. Özümə inanırdım ki, qızıl medal qazanacam. Buna dair atama və millimizin həkimi Ceyhun Əliyevə söz vermişdim. Xoşbəxtəm ki, arzumu həyata keçirə bildim. Əlbəttə, heç nə asan olmur. Görüşlərimin hər biri çətin keçdi. Amma finaldakı israilli rəqibə qarşı daha ağır mübarizə oldu. Belə olacağını da bildirdim. Yaxşı hazırlaşmışdım və nəticədə çempion oldum”.

Avropa çempionu olmuş cüdoçumuz erməni idmançıya qarşı qalib gəldiyi görüşün özü üçün xüsusi olduğunu vurğulayıb:

“Əlbəttə ki, düşmən ölkənin cüdoçusuna qarşı qalib gəlməyim mənim üçün ikiqat sevindiricidir. Belə görüşlərdə adamın üzərində məsuliyyət daha çox olur. İstər-istəməz onlarla qarşılaşanda daha aqressiv olursan, qələbəni daha çox arzulayırsan. Çox şükür ki, açıq qələbə qazandım. Bir daha sübut etdik ki, biz ermənilərdən həmişə güclü olmuşuq. Bu qələbəni də şəhidlərimizə həsr edirəm”.

Millimizin üzvü qarşıdakı hədəflərindən də söz açıb:

“Hədəflərim böyükdür. Avropa, dünya və olimpiya çempionluqları yaşamaq istəyirəm. Ümid edirəm ki, hədəflərimə çatacam. Bunun üçün isə özümdən təcrübəli, dünya şöhrətli idmançıları izləyirəm. Özümə örnək aldığım cüdoçu yaponiyalı Hifumi Abedir. Hədəflərimə çatmaq üçün daha çox çalışmalı olduğumun fərqindəyəm”. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43