U-21 millimiz Avropa çempionatı seçmə mərhələsi çərçivəsində ilk matçını keçirib. Komandamız səfərdə Serbiya yığması ilə üz-üzə gəlib və görüşdən məğlub ayrılıb (2:0).
İki idman kanalımızın da maraq göstərmədiyi qarşılaşmanın statistikasına baxsaq, matç barədə bir neçə məqamı vurğulamaq olar. Belə ki, millimiz Serbiyaya qarşı qapıya bir doğru zərbə belə vura bilməyib. Oyun ərzində cəmi bir hücum cəhdimiz görülür ki, o da çərçivəyə yaxın getməyib. Matçın 19-cu dəqiqəsində hesabda geri düşməmizə rəğmən, rəqibi narahat edəcək heç nə ortaya qoya bilməmişik. Elə çox keçməmiş – cəmi 7 dəqiqə sonra serblər aradakı fərqi ikiyə çatıdırıb və bundan sonra meydanda məşq etməyə başlayıb.
Rəqib üçün bu qarşılaşmanı olduqca faydalı adlandırmaq olar. Həm seçmə mərhələyə evdə qələbə ilə başlayıblar, həm də meydanda irəlidəki oyunların hazırlığını görüblər. Çünki qarşılarında hesabın neçə olmasından asılı olmayaraq reaksiya verən, mübarizə aparan və qapısına təzyiq göstərən bir komanda olmayıb.
Əlbəttə, Serbiya millisi ilə Azərbaycan yığması arasında səviyyə fərqi var. İki ölkənin futbolunu da müqayisə etmək olmaz. Ancaq bütün bunları nə qədər əldə bayraq edəcəyik? Yəni millimiz Serbiya yığmasına qarşı bir-iki narahatedici hücum belə qura bilməz? Əgər serblərə qarşı belə mərkəzi keçə bilmiriksə, qrupdakı digər rəqibimiz olan İngiltərə yığması ilə necə oynayacağıq? Ümumiyyətlə, meydana çıxacağıq? Məsələn, dünənki oyunun rəqəmləri Azərbaycan yığmasının meydanda olmadığını deyir.
Baş məşqi Samir Əliyevin də matçı necə dəyərləndirəcəyi maraqlı deyil. Çünki yığmamızın çalışdırıcısı daha öncəki açıqlamalarında yetərincə problemlər sadalayıb, narazı olduğu məqamları vurğulayıb. Heyətdə Premyer Liqada davamlı çıxış edən futbolçuların olmadığını qabardıb. İnid də fərqli nəsə deməyəcək. Toxunduğu məqamlar haqlı narazılıqdır. Amma 1 ildir yığmaya rəhbərlik edən mütəxəssisin komandası ən azından nəyəsə cəhd etməlidir. Yəni artıq o vəziyyətdə gəlmişik ki, nəticə, oyun yox, cəhd axtarırıq.
Hər halda, Samir Əliyevi İspaniya, Almaniya millisi adı ilə gətirib Azərbaycan yığmasına baş məşqçi təyin etməyiblər. Gələndə olduğu kimi, gedəndə də həmin problemlər olacaq. Əliyevin üzərinə düşən məhdud imkanlardan nəsə göstərməkdir ki, haqlı əsasları boş bəhanəyə çevrilməsin. Onsuzda milli cəhətdən heç vaxt tutarlı bir nəticəmiz olmayıb. Əsas yığmamız qrupdakı 4 oyundan cəmi bir xal yığıb və indidən nəticə olmayacağı bəllidir. Bu halda ümidi gələcəyə bağlamaq istəsək də, qarşımıza mərkəzi belə keçə bilməyin 21 yaşlılar çıxır. Bir oyunla komandanın ümumi potensialına, gücünə qiymət vermirik. Amma yaxşı zənnə qapılacaq da nəsə görünmür…
İdmanxeber.az