“Komandamızın çempionatdakı hədəfi hələ tam formalaşmayıb. İlk dövrədən sonra bu barədə dəqiq nəsə demək olar. Heyətimiz də hələ tam hazır deyil. İki-üç mövqeyə futbolçu baxırıq. Yaxşı oyunçuları komandalar götürüb. İstədiyimiz səviyyədə futbolçular olsa, heyətə cəlb edəcəyik”.
Bu sözləri idmanxeber.az saytına Azərbaycan II Liqasında çıxış edən “Füzuli” klubunun icraçı direktoru Vasif İsmayılov komandanın çempionatdakı hədəfləri barədə danışarkən deyib. O, bölgə təmsilçisinin büdcəsi ilə bağlı da məlumat verib:
“Klubun prezidenti iş adamı Rauf Quliyevdir. Hər şeyi o, özü qarşılayır. Bizə ayrılan 50 minlə yalnız çempionatda iştirak etmək olar. Bizim isə hədəflərimiz daha böyükdür. Ən azı turnir cədvəlində ilk beşlikdə qərarlaşmalıyıq. Çempionata iştirak xatirinə gəlməmişik.
Ümumiyyətlə, II Liqa çox gözəl layihədir. Burada lider və ya autsayder yoxdur. Uzun illər futboldan kənar qalmış bölgələr yenidən bu idman növünə qayıdıb. Hamı istəyir ki, oynasın, özünü göstərsin. Məsələn, son turlarda gözlənilməz nəticələr qeydə alındı. Bununla yanaşı, çempionatda gənc oyunçular mübarizə aparır. Bu, Azərbaycan futbolu üçün sevindiri haldır. Bunun üçün AFFA və PFL rəhbərliyinə təşəkkür edirəm. Çempionatda çox yaxşı oyunlar olacaq”.
Klub rəsmisi “Füzuli” komandasının ev oyunlarını təmsil etdiyi rayonda keçirmək istədiyini bildirib. O, bununla bağlı çalışmaların davam etdiyini bildirib:
“Futbolda doğma meydan amili önəmlidir. Təəssüf ki, biz bunu hələlik reallaşdıra bilmirik. Horadiz Olimpiya Kompleksində çıxış etmək istəyirdik. Amma orada görüləsi işlər çoxdur. Ot örtüyü, paltardəyişmə otaqları, ehtiyat skamyası düzəlməlidir. Buna isə bizim vəsaitimiz çatmır. Amma Rauf müəllim bu işlərlə məşğuldur. Əgər alınsa, ikinci dövrə ev oyunlarımızı Horadiz Olimpiya Kompleksində keçirmək istəyirik. Bildiyimiz qədəri ilə 2025-ci ildə Füzulidə ən müasir standartlara cavab verən Olimpiya Kompleksi tikiləcək. Ümid edirəm ki, ona qədər rəqiblərimizi evdə qəbul edərik”.
Həsən Quluzadə