29 Noyabr 2024
Ölkə futbolu

Murad Musayev: “Mən özüm meydana çıxıb futbol oynamıram”

 “Qarabağ” bizdən daha yaxşı idi. Layiqli qələbə qazandılar. Bu məğlubiyyətdə mənim günahım var, özümü günahkar hesab edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “Qarabağ” məğlubiyyətini şərh edərkən deyib. O, daha sonra belə davam edib:

“Optimal heyəti müəyyənləşdirmək üçün bizə nə qədər vaxt lazım olmağı ilə bağlı söz verə bilmərəm. Mən özüm meydana çıxıb futbol oynamıram. Amma bilirəm ki, bu vəziyyəti düzəltmək üçün çox işləməli, baş verən bəzi şeyləri də dəyişməkiyik. Bizə bir qələbə lazımdır. Bu, bizə motivasiya verəcək. “Partizan”la oyundakı məğlubiyyətdən sonra oyunçular məyus olub, özlərinə gələ bilmirsə, onda belə idmançılar getsin otursun televizora baxsın. Uğursuzluq varsa, daha çox işlə, yaxşı nəticə göstər. “Partizan”la bir məğlubiyyətə görə çökmüsənsə, “Sabah”da, futbolda qalmaq lazım deyil. Gedin, evdə oturun.

“Partizan” məğlubiyyəti psixologiya ilə əlaqələndirməzdim. Özümüz günahkar idik. Hər oyunda xarakter göstərmək lazımdır. Ötən mövsüm standart vəziyyətdən bir qol da buraxmamışdıq. Ardıcıl iki turdur ki, üç qol buraxırıq. Bu, sadəcə konsentrasiya itkisidir. Şansımız gətirmədi deyə bilmərik. Hər şey öz əlimizdədir. İşimizi yaxşı görməliyik. Əgər bunu edəcəyiksə, yaxşı nəticə olacaq. Etməyəcəyiksə, neqativ nəticə alırıq. “Zirə” ilə, “Neftçi” ilə oyunda şansımız gətirmədi demək istəmirəm. Sadəcə bunu qırmaq lazımdır. Bəlkə başqa xarakter lazımdır. Onda qələbələr olacaq. Ötən günlə yaşayırsansa, idmanda olmaq lazım deyil”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43